Bakıdan İrəvana çağırış: “Kəndlərin taleyi burada həll olunacaq”

Bakının Qazaxın işğalda olan 7 və Naxçıvanın 1 kəndinin Azərbaycana qaytarılması tələbini irəli sürməsinə baxmayaraq, İrəvan vəziyyəti gərginləşdirir.

Azərbaycan 8 kənd məsələsini gündəmə gətirdiyi zaman Nikol Paşinyan da Ermənistanın bəzi ərazilərinin Bakının nəzarətində olduğunu iddia etdi.

Hazırda isə əsas müzakirə Qazaxın sərhəddə yerləşən 4 anklav olmayan kəndi ətrafındadır. Ermənistan KİV baş nazirin hökumət iclasında 4 kəndin qaytarılması məsələsini gündəmə gətirdiyininə dair məlumatlar yayır.

Bəs İrəvan prosesi dalana dirəməyə davam edəcəyi, kəndlərin qaytarılmasına qarşı çıxacağı halda, rəsmi Bakı necə bir addım atmalıdır? Maraqlıdır, kəndlər üçün proses diplomatik müstəvidə davam etməlidir, yoxda hazırkı vəziyyətdə əməliyyatlar keçirilməsi daha məqbul olar?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, ilk növbədə Qazaxın işğalda olan qeyri-eksklav 4 kəndi qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır:

“Azərbaycanın hazırda 8 kəndi Ermənistanın işğalı altındadır. Sözsüz ki, bu kəndlər işğaldan azad edilməlidir. Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndinə Ermənistan nəzarət edir. Bu kəndlərdən 4-ü eksklav ərazilərdir. Yəni Azərbaycana məxsus həmin kəndlər Ermənistan sərhədləri daxilində yerləşir. Qalan 4-ü isə qeyri-eksklavdır. Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndləri qeyri-eksklav ərazilərdir. Ermənilər vaxtı ilə bu torpaqları işğal edib, Tavuş rayonunun ərazisinə birləşdiriblər. Yanvarın 10-da Azərbaycan Prezidenti də yerli televiziyalara müsahibəsində bildirdi ki, həmin kəndlər qeyd-şərtsiz geri qaytarılmalıdır. Nikol Paşinyan israrla Azərbaycanın ərazi bütövlüyünü rəqəm qeyd edərək tanıdığını bildirir. Sözügedən kəndlər də Azərbaycanın ərazi bütövlüyünə daxil olan ərazilərdir”.


Elşad Mirbəşiroğlu

Deputat deyib ki, İrəvan Bakının çağırışlarına diqqətlə yanaşmalı, baş verənlərdən nəticə çıxarmalıdır:

“Ermənistan çox gözəl bilir ki, Azərbaycan mənasız vaxt itkisini şərtləndirən müzakirlərə meyilli deyil. Azərbaycan Prezidentinin səsləndirdiyi fikirləri Ermənistana çağırış kimi qiymətləndirmək lazımdır. Hesab edirəm ki, İrəvan bu çağırışa həssas yanaşacaq. Əks təqdirdə onlar növbəti dəfə Azərbaycanın sərt addımı ilə üzləşməli olacaqlar. 2023-cü ilə qədər biz reinteqrasiya ilə bağlı çağırışlar edirdik. Erməni separatçılarına silahı yerə qoymaları, Azərbaycan ərazilərindən qoşunların geri çəkilməsi ilə bağlı xəbərdarlıq edirdik. Nəticədə Azərbaycan hərbi əməliyyatlar keçirdi və öz ərazilərindən separatçıları təmizlədi”.

E.Mirbəşiroğlu yerdə qalan 4 kəndin taleyinin sərhədlərin delimitasiyası prosesində müəyyən olunacağını qeyd edib:

“Məlumata görə, Nikol Paşinyan hökumətin qapalı iclasında 4 kəndin, yəni qeyri-eksklav ərazilərin Azərbaycana təhvil verilməli olduğunu bildirib. Qazaxın digər Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri və Naxçıvanın Kərki kəndi eksklav ərazilərdir. Bu kəndlərin taleyi səhədlərin delimitasiyası ilə bağlı aparılan müzakirələr çərçivəsində müəyyən olunacaq. Sözsüz ki, Azərbaycan ərazisinin heç bir qarışından imtina etməyəcək. Sadəcə olaraq delimitasiya prosesində həmin ərazilərlə Azərbaycanın digər hissələri arasında müəyyən formada əlaqənin yaradılması öz həllini tapmalıdır. Yaxud başqa həll variantı da seçilə bilər. Amma bütün bunlar barədə indi danışmaq tezdir. Delimitasiya uzun müddət tələb edən prosesdir”.

Ayşən Mustafa
Globalinfo.az