Bakıda taksi xidmətlərinin qiymətində son günlər müşahidə olunan artım sərnişinlərin narazılığına səbəb olub. Gedişhaqqının xüsusilə məsafə, saat və tələbatdan asılı olaraq dəyişməsi taksi tariflərinin hansı qaydalarla formalaşması məsələsini yenidən gündəmə gətirir.
Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, taksilərin bahalaşması başadüşüləndir:
“Çünki qiymətlərin artması məsələsində hər kəsin öz arqumenti var. Nəticədə isə vətəndaş əziyyət çəkir.
Taksi bazarında müxtəlif nəqliyyat növləri və bazar iştirakçıları öz kontingentinə uyğun fəaliyyət göstərməlidir. Taksinin, avtobusun, qatarın hərəsinin öz kontingenti olmalıdır. Bu balans pozulduqda isə müəyyən problemlər yaranır. Məsələn, taksidə müştəri bolluğu yaranır, avtobusda isə əksinə.
Bu halda nəqliyyat sistemində balans təmin olunmur. Belə proseslər və amillər son nəticədə öz sözünü deyir, infrastruktura da təsir edir. Xüsusilə nəqliyyat axınlarının təmin olunmasında müəyyən narahatlıqlar və çətinliklər yaradır”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, taksi ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:
“Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.
Zaira Akifqızı
Globalinfo.az