WhatsApp Image 2026 04 23 at 12.51.38

Bakıda 87 nömrəli məktəbdə bir şagird müəllim və digər şagirdlərin həyatına qarşı təhdidlər səsləndirib. Həmçinin, 275 nömrəli tam orta məktəbin V sinif şagirdi də sinif yoldaşlarını ölümlə hədələyib. Bu hadisələrdən sonra bəzi valideynlər övladlarını məktəbə göndərməkdən çəkiniblər.

Bəs bu kimi halların təkrarlanmasının səbəb nədir? Belə xəbərlərin mediada tirajlanması oxşar hadisələrin yenidən baş verməsinə zəmin yaradırmı?

Globalinfo.az-a danışan psixoloq Nizami Orucov deyib ki, bu tip hadisələri təkcə “medianın fəsadı” kimi izah etmək düzgün olmaz.

Onun sözlərinə görə, burada bir neçə faktor paralel işləyir:

“Yeniyetməlik dövrünün emosional həssaslığı, ailəməktəb mühitində yaranan boşluqlar, həmyaşıd təsiri və əlbəttə, informasiya mühitinin, xüsusilə də medianın və sosial şəbəkələrin təsiri var. Media bəzən davranış modellərini görünən və “təkrar oluna bilən” hala gətirə bilir. Bu, psixologiyada “Verter effekti” kimi tanınan mexanizmlə izah olunur və həmin təsir təkcə intihar xəbərləri ilə məhdudlaşmaya bilər – aqressiv və ya təhdid xarakterli davranışlar da bəzən imitasiya oluna bilir. Amma burada vacib fərq var: media “səbəb” yox, daha çox “sürətləndirici” və ya “model göstərən” rol oynayır. Əsas zəmin isə yenə də uşağın daxili vəziyyəti və mühiti ilə bağlıdır”.

Psixoloq bildirib ki, əgər uşaqda emosional gərginlik, diqqət ehtiyacı, aqressiya və ya anlaşılmama hissi varsa, mediada gördüyü davranış bunu ifadə etməyin “yolu” kimi qavranıla bilər:

“Belə xəbərləri uşaqlara çatdırmaq məsələsində isə ən böyük risk panika və ya həddindən artıq dramatizasiya yaratmaqdır. Ailəməktəb bu mövzunu belə idarə etməlidir:

İlk növbədə məlumatı gizlətmək yox, yaşa uyğun və sadə şəkildə izah etmək lazımdır. Uşağa “belə hadisələr olur, amma bu normal və qəbul edilən davranış deyil” mesajı verilməlidir.

nizami

Nizami Orucov

İkinci vacib məqam davranışın nəticəsini vurğulamaqdır. Yəni yalnız hadisənin özü yox, onun hüquqi və sosial nəticələri də izah olunmalıdır. Bu, uşağın səbəb və nəticə əlaqəsini düzgün qurmasına kömək edir.

Üçüncü olaraq, uşağın emosiyası ilə maraqlanmaq lazımdır. “Sən bu xəbəri eşidəndə nə hiss etdin?” sualı çox vacibdir. Çünki bəzi uşaqlar qorxu yaşayır, bəziləri isə maraq və ya hətta yanlış qəhrəmanlaşdırma hissi keçirə bilər. Bu emosiyalar vaxtında yönləndirilməlidir. Məktəb mühitində isə açıq müzakirələr, psixoloq dəstəyi və təhlükəsizlik hissinin gücləndirilməsi önəmlidir. Şagird özünü təhlükədə yox, qorunan mühitdə hiss etməlidir”.

Qeyd edək ki, “Verter effekti” ilk dəfə alman yazıçısı Yohann Volfqanq Götenin “Gənc Verterin iztirabları” adlı əsəri ilə əlaqədar müşahidə olunduğundan bu əsərin baş qəhrəmanının adı ilə adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o qədər güclü olur ki, Avropada özünəqəsd epidemiyası başlayır.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: