“Yaxın günlərdə Dövlət Suverenliyi Gününü böyük şərəflə qeyd etdik. Ona görə “böyük şərəflə” deyirəm ki, Prezident İlham Əliyevin başçılığı ilə ordumuz antiterror tədbirləri həyata keçirərək uzun onilliklər sonra ədaləti bərpa etdi. Azərbaycan qalib ölkə olaraq regionda yeni səhifə açdı”.
Bu sözləri Globalinfo.az-a Bakı Politologiya Klubu İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov sentyabrın 22-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışını şərh edərkən deyib.
Politoloq bildirib ki, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatlarına nəzər saldıqda, Azərbaycan Ordusunun necə dəqiq və hazırlıqlı şəkildə, mülki şəxslərə zərər vermədən əməliyyatlar apardığını görmək mümkündür:
“Ermənilər Laçın yolu vasitəsilə Qarabağı tərk edərkən bir mülki şəxsə belə toxunulmadı. Təəssüf ki, onların bir çoxu Qarabağdan çıxaraq dünyanın müxtəlif yerlərinə köç etdikdən sonra Azərbaycana qarşı informasiya müharibəsi kontekstində tamamilə yalan məlumatlar yayırlar. Lakin bununla bağlı heç bir video və foto sübut yoxdur.
Ümumiyyətlə, onlara qarşı heç bir zorakılıq olmayıb. Hətta Qarabağdan çıxmaları belə öz istəkləri ilə baş verdi. Halbuki onlara Azərbaycan daxilində, müəyyən tələblər əsasında qalıb yaşamaları təklif edilmişdi. Amma bu, baş vermədi.

Zaur Məmmədov
Ermənilər Qarabağdan çıxarkən ev əşyalarını, hətta santexnika vasitələrini belə özləri ilə apardılar. Təbii resurslarımız isə 30 il ərzində onsuz da talan edilirdi. Şübhəsiz, ekoloji aksiyalar da məhz bu səbəbdən baş tutmuşdu və Azərbaycan xalqı öz etirazını bildirmişdi.
Ermənilər ərazini tərk edərkən meşələri yandırıb, ərazini minaladılar. Halbuki bu proses döyüşlərin baş vermədiyi dövrdə həyata keçirilirdi. Bu da onların əsl məqsədini göstərir.
Prezident İlham Əliyev də bütün bu məqamları qatıldığı tədbirlərdə və səfərlərində dəfələrlə dilə gətirib. Sonuncu dəfə isə məhz həmin müşavirədə bu məsələlərə toxundu”.
Turan Rzayev
Globalinfo.az