Bakı böyük yükün altına girdi: paytaxt 80 min qonağı necə qarşılayacaq?

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib ki, COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.

Ehtimallara görə, təqribən 70-80 min xarici qonağın iki həftə ərzində ölkəmizdə olması gözlənilir. COP29 hər nə qədər mühüm tədbir olsa da bəzi suallar da yaranır:

Maraqlıdır, paytaxt Bakı 70-80 min xarici qonağı qəbul edə biləcək? Paytaxt otelləri, infrastruktur yollar buna əlverişlidir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, Azərbaycan əvvəlki illərdə də kifayət qədər böyük mötəbər tədbirlərə ev sahibliyi edib.

Vüqar Bayramov

“COP29 kifayət qədər vacib tədbirdir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini də ciddi uğur hesab etmək olar. Çünki əvvəlki illərin təcrübəsi göstərir ki, bu tədbirə ev sahibliyi qazanmaq kifayət qədər çətin və dəstək tələb edən məsələdir. Bu baxımdan tədbirin uğurlu keçməsi üçün hazırlıqların sistemli keçirilməsi vacibdir. Bu kontekstdə həm qarşılama, həm yerləşdirmə, həm də müxtəlif tədbirlərin keçirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsinə ehtiyac var.

Azərbaycan COP29-a müraciət edərkən öz potensialına güvənib. Buna görə hesab edirəm ki, kifayət qədər beynəlxalq əhəmiyyət kəsb edən tədbirin keçirməsinə lazımi bütün işlər görüləcək”.

İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, COP29 tədbiri bütün dünyada diqqəti öz üzərinə cəmləyən mühüm bir beynəlxalq tədbirdir:

Natiq Cəfərli

“Bakının tədbirə ev sahibliyi etməsi bu baxımdan çox vacibdir. Xüsusilə ölkəmizin nüfuzu baxımından sözügedən tədbirin keçirilməsi mühümdür. Lakin paytaxt Bakının mövcud problemləri də hər kəsə bəllidir. Xüsusilə tıxac məsələsini nəzərə alsaq əhali üçün çətinliklər olacaq.

Bakının əhalisi onsuz da kifayət qədər çoxdur və gələn qonaqların sayının 10 minlər olması sıxlığın artacağından xəbər verir. Lakin xidmət sahəsi üçün bu qədər insanın gəlməsi müsbət olacaq. Xüsusilə otellər, restoranlar gəlir qazana biləcək.

Bakı şəhərində kifayət qədər beş ulduzlu otel var. Lakin otellərin bir çoxunda yataq yerləri məhduddur. Səhv etmirəmsə, otellərdə yataq yerləri 9-10 min arası dəyişir. Lakin gələn qonaqların sayın 100 minə yaxın olacaq. Bu baxımdan əlavə tədbirlərin görülməsinə ehtiyac var”.

Politoloq Qabil Hüseynli isə deyib ki, Azərbaycan COP29-a hər mənada hazırdır:

Qabil Hüseynli

“Bu tədbir düşündüyümüzdən çox daha vacib və əhəmiyyətlidir. Belə bir mötəbər tədbirə hər ölkə ev sahibliyi edə bilmir. Hər ölkənin COP29-a ev sahibliyi etməsinə də icazə verilmir. Ətraflı araşdırma aparıldıqdan və lazımi standartlar uyğun görüldükdən sonra razılıq verilir.

Azərbaycan bundan öncə də müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Yəni bu tədbirə də ev sahibliyi edə biləcəyik. Bu tədbirin siyasi dividentlərini nəzərə alsaq, ən yüksək səviyyədə keçiriləcəyinə əminəm”.

Turan Rzayev
Globalinfo.az