ehali

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində yeni dövr başlayır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı bu istiqamətdə əsas addımlardan biri olacaq.

Dövlət Proqramının əhəmiyyəti nədir? Azərbaycanda dağ-mədən sənayesinin indiyədək zəif inkişafının əsas səbəbləri hansılardır? Bu istiqamətdə inkişaf dinamikasını əvvəlki dövrlə fərqləndirən hansı xüsusiyyətlər var?

Globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, deputat Azər Badamov deyib ki, proqramın icrası iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verəcək:

“Hazırda ölkə iqtisadiyyatının əsas drayverlərindən biri neft-qaz sektorudur. Lakin son illərdə neft hasilatında müşahidə olunan təbii azalma iqtisadi inkişaf templərinə də təsir göstərir. Belə ki, cari ilin ilk 8 ayında ölkədə iqtisadi artım 1,2 faiz təşkil edib. Bununla yanaşı, qeyri-neft sənayesində 5,4 faizlik artımın qeydə alınması müsbət mənzərə yaradır.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft sektorunun daha sürətli böyüməsinə, eləcə də ölkənin ixrac potensialının artırılmasına müsbət təsir göstərəcək. Bu sektorun inkişafı böyük həcmdə maliyyə və investisiya tələb edir. Lakin istehsal gücləri tam formalaşdıqdan sonra sektorun ölkə iqtisadiyyatına gətirdiyi gəlirlərin də əhəmiyyətli dərəcədə artacağı və milyardlarla manat həcmində əlavə iqtisadi dəyər yaradacağı gözlənilir. Dağ-mədən sənayesinin inkişafı eyni zamanda məşğulluğun artırılmasına da ciddi töhfə verəcək. İlkin mərhələdə 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur ki, bu da ölkədə məşğulluq məsələlərinin həllinə mühüm dəstək olacaq”.

azer badamov 1

Azər Badamov

Deputat bildirib ki, dağ-mədən sənayesinin indiyədək lazımi səviyyədə inkişaf etməməsinin bir sıra obyektiv səbəbləri olub:

“İlk növbədə, Azərbaycan iqtisadiyyatının uzun illər ərzində əsasən neft-qaz sektorunda ixtisaslaşması digər sənaye sahələrinin, o cümlədən dağ-mədən sənayesinin inkişafını müəyyən qədər arxa plana keçirib. Digər mühüm məsələ isə ölkənin dağ-mədən potensialının yerləşdiyi əsas ərazilərin 30 il ərzində Ermənistanın işğalı altında olması idi. İşğal dövründə Azərbaycanın həmin ərazilərdəki təbii sərvətləri Ermənistan tərəfindən  qanunsuz istismar edilərək talan edilib. Bu gün isə Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpa olunması ölkəyə filiz ehtiyatlarının daha geniş şəkildə araşdırılması və istismarı üçün yeni imkanlar yaradıb. Bu, ilkin olaraq Ağdərə, Zəngilan və Kəlbəcər rayonlarında təsdiqlənmiş yataqlarda istehsal proseslərinin qurulmasına, növbəti mərhələdə isə həmin regionun digər ərazilərində, eləcə də ölkənin müxtəlif rayonlarında, Naxçıvanda geniş geoloji-kəşfiyyat işlərinin aparılmasına imkan verəcək. Nəticədə yeni yataqların müəyyənləşdirilməsi, onların iqtisadi dövriyyəyə cəlb olunması və müasir istehsal müəssisələrinin yaradılması üçün geniş perspektivlər yaranacaq”.

A.Badamov qeyd edib ki, Azərbaycanda dağ-mədən sənayesinin inkişaf dinamikasını müsbət qiymətləndirmək olar:

“AzerGold” dövlət şirkəti dağ-mədən sənayesinin əsas səhmdarı olaraq dağ-mədən hasilatı işlərini genişləndirir.  “AzerGold”un hasil etdiyi  qızılın həcmi və ixrac etdiyi  mallar dövlət büdcəsinə verdiyi gəlirləri hər ilə dəfələrlə artırmaqdadır. Qəbul olunan Dövlət Proqramının icrası Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin daha sürətli inkişafına, hasilat proseslərinin emal mərhələsi ilə davam etdirilməsinə və beləliklə, dəyər zəncirinin bütün mərhələlərinin ölkə daxilində formalaşdırılmasına imkan verəcək.

Bununla yanaşı, yeni layihələrin həyata keçirilməsi Azərbaycana xarici investisiyaların cəlb olunmasına və müasir texnologiyaların istehsal proseslərinə tətbiqinə də şərait yaradacaq. Nəticədə qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi daha da artacaq və ölkənin makroiqtisadi göstəricilərinin müsbət dinamikasının qorunmasına töhfə veriləcək. Bütün bunlar Azərbaycan iqtisadiyyatının daha da möhkəmlənməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və qlobal iqtisadi dalğalanmaların mümkün təsirlərinə qarşı dayanıqlılığın artırılmasına xidmət edəcək”.

Ləman İmran
Globalinfo.az

Paylaş: