esas 3

Vahid məktəbli geyimi ilə bağlı müzakirələr fonunda Bakıdakı məktəblərdən birində direktorla valideyn arasında yaşanan gərginlik sosial şəbəkələrdə gündəm olub.

Globalinfo.az xəbər verir ki, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Aygün Mikayılovanın söhbət zamanı nümayiş etdirdiyi davranış, təmkinli danışığı və mövqeyini ifadə etmə tərzi istifadəçilərin diqqətini çəkib.

Görüntülərin yayılmasından sonra direktorun kimliyi və peşə fəaliyyəti də maraq doğurub.

Bildirək ki, Aygün Mikayılova 2024-cü il oktyabrın 10-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru vəzifəsinə təyin edilib.

O, 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib.

Həmin il əmək fəaliyyətinə Bakı Avropa Liseyində müəllim kimi başlayıb. 2005-2006-cı illərdə liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2015-2018-ci illərdə Bakı Avropa Liseyinin direktoru olan Aygün Mikayılova 2018-2024-cü illərdə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsini icra edib.

O, 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.

Direktor təkcə idarəçilik fəaliyyəti ilə deyil, təhsillə bağlı çıxışları ilə də diqqət çəkib. O, 2026-cı il aprelin 27-də Xankəndidə keçirilən I Qarabağ Təhsil Forumunda şagirdlərlə düzgün ünsiyyətin qurulmasının əhəmiyyətindən danışıb.

Mikayılovanın fikrincə, müəllim şagirdlərin maraq dairəsini, dinlədikləri musiqini və oynadıqları oyunları bilməli, onlarla qarşılıqlı etimad yaratmalıdır. O, şagirdlərə pedaqoji və psixoloji baxımdan yanaşmağın, onların problemlərini anlayışla qarşılamağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, 132-134 nömrəli Təhsil Kompleksi 2017-ci ildən Beynəlxalq Bakalavriat təşkilatının üzvüdür. Təhsil müəssisəsində beynəlxalq proqramlarla yanaşı, fransız modeli əsasında fəaliyyət göstərən “Ana Məktəb” layihəsi də həyata keçirilir.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: