Azərbaycanda pul bazası azaldı: nələr gözlənilir?

“Azərbaycanda pul bazasında ardıcıl ikinci ay azalma qeydə alınıb. Belə ki, 1 sentyabr tarixinə ölkədə pul bazası 18 milyard 116 milyon manat olub. Bu isə əvvəlki ay ilə müqayisədə 146 milyon manat azdır. Son 2 ayda isə pul bazası 285 milyon manat azalıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb:

“Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsində mövsümi faktorlar rol oynasa da, belə inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlər də xüsusi paya malikdir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda antiinflyasiya effektinə malik olur. Bununla belə, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil”.

V.Bayramov deyib ki, baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir:

“Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan, kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az