Azərbaycan uğrunda yeni müharibə riski: iki qüvvənin Qafqaz savaşı şiddətləndi

Rusiya sülhməramlıların Azərbaycanı tərk etməsi regionda marağı olan qüvvələrin diqqətini çəkib. Bəzi ekspertlər hesab edir ki, sülhməramlıların Qarabağı tərk etməsi qlobal güclər arasında region uğrunda mübarizəni şiddətləndirəcək.

ABŞ Dövlət Departamenti bildirib ki, bölgədə Rusiya sülhməramlılarının dinc və sabitliyi saxlamaq cəhdləri alınmayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə deyib ki, Qərbin sülh müqaviləsi ilə bağlı göstərdiyi cəhdlər səmərəsizdir.

Bu bəyanat atışmaları nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Rusiya ilə Qərb arasında mübarizə davam edir və əslində verilən açıqlamalardan da bu, aydın şəkildə görünür:

“Cənubi Qafqaz bu güclərin əsas mübarizə məkanıdır. Regional maraqları çərçivəsində bir-birlərini ittiham etmələri başadüşüləndir. Bu gün belə bir fikir hakimdir ki, Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasına kim nail olarsa, onun çəkisi, təsir gücü daha çox artacaq. Buna görə də bir-birlərini uğursuzluqda ittiham edirlər.

ABŞ Rusiyanın sülhü qoruduğuna inanmadığını bildirir. Hətta qeyd edirlər ki, guya Rusiya erməni icmasını qoruya bilmədi və Ermənistana köçün əsas səbəbkarı Kremldir. Zaxarovanın da açıqlaması eyni məntiqə söykənir. O da öz növbəsində Rusiyanın maraqlarına uyğun olaraq ABŞ və Qərbi ittiham edir.

Proses yekun sülh müqaviləsi imzalanana kimi belə davam edəcək. Bunun ən riskli halı isə Ermənistanın yenidən şirniklədirilərək provokasiyalara çəkilməsi ola bilər”.

Turan Rzayev
Globalinfo.az