“Azərbaycan torpaqlarında kürd dövləti yaratmağa çalışırlar” – Tarixçidən sensasiya

Türkiyəli müğənni Mahsun Qırmızıgül tarixi türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub. O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmiyanı kürd şəhəri adlandırıb. Bu da birmənalı qarşılanmayıb.

Burada hansı məqsədlər güdülür?

Sosial şəbəkələrin Azərbaycan seqmentində bu hadisə pislənir. Mahsun Qırmızıgül qınayan statuslar yazılır. Həmçinin Mahsun Qırmızıgülün yaxın dostu “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovu da qınağa tuş gətirənlər olur. Deyilir ki, M.Mənsimov bu haqda niyə mövqe bildirmir.

Ona görə də öncə onun rəhbəri olduğu şirkətlə əlaqə saxladıq.

“Palmali” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Fidan Quliyeva açıqlamasında bildirdi ki, Mübariz bəyin dostu olmasına baxmayaraq Mahsun Qırmızıgülün əməlləri, fəaliyyəti ilə bağlı fikir bildirmək düzgün deyil:

“Mahsun Qırmızıgül səsləndirdiyi musiqiyə özü cavabdehdir və yalnız özü bu haqda açıqlama verə bilər”.

Mahsun Qırmızıgül

Mövzunu tarixi aspektdən Globalinfo.az-a şərh edən fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, Azərbaycanın qədim şəhərləri sırasına Təbriz, Urmiya, Gəncə, Bakı, Həmədan və digərləri daxildir:
“Bu ərazilər əzəldən türk torpaqlarıdır. Urmiya həm Oğuz, həm də Qıpçaq türklərinin qədim yurdlarından biridir. Urmu və ətrafında həmişə Əfşar türkləri yaşayıb. Hazırda da bu belədir. Azərbaycanın güneyi və quzeyi ən qədim dövrlərdən köç yurdudur. Türklərin ilk yayılma areallarından biri də Urmiya və Urmiya gölü ətrafı hesab olunur. Miladdan öncə təxminən III-II minilliklərdə bura Turukki tayfasının, Subarların, Əfşar türklərinin və digər türk tayfalarının məskunlaşdığı ərazilər olub.

Həmin ərazilərin türksüzləşdirilməsi prosesinə isə son 2 əsrdir təsadüf edilir. Türklərin öz dədə-baba torpaqlarından uzaqlaşdırılması, Urmiya gölünün qurudulması təsadüfi deyil. Həmin ərazilərə kürdlərin, ermənilərin və digərlərinin köçü də baş tutdu. Son illərdə isə daha çox kürdləşdirmə prosesi gedir. Bu hal İrəvanda və digər ərazilərimizdə də müşahidə edilib. Türklər öz torpaqlarından sürgün edilir və ora başqa etnoslar köçürülür. Ardınca da həmin ərazilərin türk torpaqları olmadığı kimi fikirlər səsləndirilir.

Müğənni Mahsun Qırmızıgülün ifasında Urmiyanı kürd şəhəri adlandırması böhtandır. Bu onu göstərir ki, proses Türkiyə, Azərbaycan, Krım və Türküstanda sistemli şəkildə aparılır. Bu fikirləri səsləndirənlər antitürk, anti-Azərbaycan siyasətinin təbliğatçılarıdır.

Burada incə məqam var. Niyə məhz Urmiya və ətrafı kürd torpaqları kimi göstərilir? Təxminən 100 il bundan öncə İrəvan, Naxçıvan və Qarabağın erməniləşdirmə cəhdini xatırladır. Çar Rusiyası, Sovet Rusiyası müxtəlif yollara əl ataraq həmin ərazilərdən türkləri azaltmağa başladılar. 1918-ci ildə Ermənistan dövləti yaratdılar. Eyni prosesə Azərbaycanın güneyində də başlamışdılar. Azərbaycanın bütövlüyünə qarşı bu yollarla təbliğat aparılır. Tarixi torpaqlarımız hesabına kürd dövləti yaratmağa cəhd edirlər, lakin bu uğursuzluqla nəticələnəcək”.

Safura Bənnayeva
Globalinfo.az