Azərbaycan seçim qarşısında: Bakı İsrailin kontr-terror təklifini qəbul edəcəkmi?

Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum ətrafında müzakirələr davam edir. Hadisəni törədən şəxsin SEPAH-la bağlantısının olması, İran polisinin hadisəyə mane olmaması, Azərbaycan səfirliyi ətrafında təhlükəsizlik tədbirlərinin lazımınca görülməməsi hadisənin birbaşa İran hakimiyyəti tərəfindən törədildiyini göstərir.

Diqqətçəkən əsas məqam isə İsrailin kontr-terror təcrübəsini Azərbaycanla bölüşməyi təklif etməsidir.

Maraqlıdır, Azərbaycan son terror olayından sonra İranla münasibətləri necə quracaq? İki ölkə arasında diplomatik münasibət dayanmalıdırmı? İsraillə münasibətlər daha açıq, şəffaf olacaqmı? ABŞ Azərbaycanın necə bir təhlükə ilə üz-üzə qaldığının fərqində olacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Azərbaycanla İran münasibətlərinin qırılması real görünmür, çünki ən azından iki ölkənin “Şimal-Cənub” dəhlizi marşrutu üzrə birgə maraqları var:

“Bakı ilə Tehran arasında münasibətlərin arasında dəmir sədd çəkilsə, həmin beynəlxalq nəqliyyat dəhlizinin xətti qırıla bilər, bu isə Rusiyaya sərf etmir.
Bundan başqa, Azərbaycanla İran təhlükəsizlik, siyasi məsələlərdə daban-dabana ziddiyyətli mövqelərdə dayansa da, ikitərəfli iqtisadi prioritetlər iki ölkənin münasibətlərinin davamlı qalmasını təmin edir.

Düşünürəm ki, Azərbaycan-İran gərginliyi ikitərəfli diplomatik əlaqələrin kəsilə bilməsi həddinə qədər gəlib çıxmayıb.

Çünki iki ölkənin gərgin fazada olan münasibətləri bütün parametrlər üzrə əlaqələri arxa plana atmadığından diplomatik xidmət tənzimləmə mexanizmi kimi aktual olaraq qalır.

İranla diplomatik münasibətlər o zaman qırılma həddinə çatar ki, ortada hərbi güc tətbiqi gündəmdə olsun və ya Tehran Azərbaycan səfirliyinə qarşı daha böyükmiqyaslı silahlı kampaniyalar təşkil etsin”.

Ekspertin sözlərinə görə, Tehrandakı səfirliyimizə hücumun Azərbaycanın İsraillə münasibətlərini daha da yaxşılaşdıracaq:

“Təxribatlar iki ölkənin kəşfiyyat kanallarının açıq saxlanılması və daha da dərinləşdirilməsi üçün bir açardır. Azərbaycan da, İsrail də bilir ki, İran Bakı ilə Təl-Əviv arasındakı strateji tərəfdaşlıq xəttini zədələməkdən ötrü əlindən gələni edir.

Antiterror əməliyyatlarına gəlincə, inanmıram ki, Azərbaycan indi İsraillə birgə açıq şəkildə İrana qarşı güc tətbiqində iştirak etsin.

Ancaq Azərbaycan həm ABŞ, həm də İsraillə antiterror gündəminə yeniliklər etmək çağırışları ilə də qarşı-qarşıyadır. Yəqin ki, mümkün ən təhlükəli anlara qarşı həmin yeniliklərin nəzəri əsasları işlənilib-hazırlanacaq”.

Turan Rzayev
Globainfo.az