“Prezident İlham Əliyev Özbəkistanda dövlət səfərindədir. Strateji və səmimi qardaşlıq münasibətlərinə malik olan iki dövlət arasında əməkdaşlıq bütün sahələr üzrə dərinləşməkdədir. Münasibətlərin inkişafı yalnız ticarət dövriyyəsindəki artımlarda deyil, həmçinin birgə sərmayə qoyluşlarında da özünü göstərməkdədir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, üç il əvvəl 500 milyon dollar ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib:
“Özbəkistan və Azərbaycanda biznesin inkişafına investisiya edən şirkət sahibkarlığın böyüməsinə və yeni bazarlara çıxmasına kömək edir. Layihələr üzrə yönəldilən investisiya həcmi 25 milyon dollaradək dəyişir.
Dəyişkənliyi az olan, sabit və artan tələbatla xarakterizə olunan sahələrə, həmçinin yüksək potensiallı inkişaf etməkdə olan sektorlara investisiya edən şirkət əsasən 6 prioritet sahədə layihələrin maliyyələşdirilməsini həyata keçirir. Bunlar təhsil, metal emalı, farmasevtika, bio sənaye, fintex və İT sektorlarıdır. Təbii ki, istiqamətlər bu sahələr ilə məhdudlaşmaya bilər.
Konkret layihələrə gəldikdə isə, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iqtisadiyyatın müxtəlif strateji sektorlarında ümumi dəyəri 360 milyon dollar ətrafında dəyişən 15-dən çox birgə layihənin maliyyələşdirilməsini və təhlilini həyata keçirir. Şirkət Özbəkistanda faydalı qazıntıların və qızıl yataqlarının birgə kəşfiyyatı və işlənməsi məqsədilə Azərbaycanın “AzeGold” QSC və Özbəkistanın “Uzbekgeologorazvedka” ASC ilə birlikdə müştərək müəssisənin yaradılması layihəsini dəstəkləyir”.
Deputat qeyd edib ki, Təhsil Sektorunda Daşkənddə yerləşən Amerika Texnologiya Universitetinin maddi-texniki bazasının və infrastrukturunun qurulmasına 2 milyon dollar sərmayə ayırılıb:
“Universitet Cintana Education və Arizona Dövlət Universiteti ilə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu investisiyanın məqsədi beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi, qabaqcıl tədris və idarəetmə təcrübələrinin tətbiqi, habelə Özbəkistanda ali təhsil sisteminin institusional inkişafının dəstəklənməsidir.
Sənaye və istehsalatda müxtəlif sektorları əhatə edən 4 mühüm istehsalat müəssisəsinin maliyyələşdirilməsini həyata keçirilir və buraya daxili bazara və ixraca yönəlmiş idxaləvəzləyici yüksək texnoloji istehsal xətləri daxildir. Eyni zamanda, hər iki ölkənin rəqəmsal maliyyə sistemlərinin və innovasiyalarının inkişafına yönəlmiş fintech layihəsi də dəstəklənməkdədir.
Göründüyü kimi, iki ölkə arasında iqtisadiyyatın çox fərqli sahələrində sərmayə qoyluşları həyata keçirilməkdədir. Bu isə ölkələrin daha da yaxınlaşmasına və dayanıqlı inkişafına xidmət edir”.