Azərbaycan hərəkətə keçir: Ermənistanın silahlandırılmasına qarşı kritik addım – Ehtiyat variant

Sülh mövzusunun gündəm olduğu bu günlərdə Ermənistan Hindistandan 41 milyon dollar dəyərində antidron sistemləri alır. Dünən isə xəbər yayıldı ki, Fransanın verdiyi hərbi texnika Gürcüstandan keçərək Ermənistana doğru hərəkət edir.

Ermənistan sürətlə silahlanır və ona bu imkanı yaradan ölkələr Cənubi Qafqazda sabitliyin pozulmasında maraqlı tərəflər kimi ad çıxarıblar. Bu silahların yeni hərbi eskalasiyalara səbəb olmayacağına qarantiya yoxdur.

Belə bir şərtlər daxilində və şəraitdə Azərbaycan hansı addımları atacaq? Sadəcə bəyanat verməklə prosesə münasibət bildirəcək? Artıq Azərbaycan XİN Fransanın Ermənistana hərbi texnika verməsini pisləyən bəyanat yayıb.

Burda Gürcüstanın tutduğu mövqe də diqqət çəkir. İndiyə kimi Ermənistana silah göndərilməsində tranzit ölkə olmaqdan imtina edən rəsmi Tiflis nədən ənənəvi mövqeyini dəyişdi? Gürcüstan 3+3 formatından imtina etdikdən az sonra bu olaylar yaşanır. Gürcüstan hakimiyyətində ziddiyyətlər var. Qərbə və Rusiyaya bağlılıq ölkədə zaman-zaman təlatümlər yaradır. Görünür, bu mərhələdə “Qərb uşaqlarının” mövqeyi qalib gəlib.

Təsəvvür edin, Qarabağ problemi birmənalı həll edilib. Ermənistan silahlı qüvvələri və separatçılar ərazidən çıxarılıb. Amma sülh müqaviləsinin tezliklə bağlanacağı ilə bağlı hələlik ortada bir əlamət yoxdur. Ardıcıllığa görə, delimitasiya, demarkasiya prosesi başlamalıdır, yekunda tərəflər sülh sazişini razılaşdırmalıdır.

Ötən həftə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun İtaliyaya işgüzar səfəri zamanı adıçəkilən ölkənin “Adnkronos” xəbər agentliyinə verdiyi müsahibədə Bakının sülh şərtlərini söyləmişdi. Kifayət qədər konstruktiv və tərəfləri qane edən bir mövqe idi.

Ermənistanın pozucu fəaliyyəti göz önündədir. Nikol Paşinyan hər vəchlə sülhdən yayınır.

O, dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını desə də sülh müqaviləsi mövzusunda konkret mövqe bildirmir. Paşinyanın “Azərbaycanın ərazi bütövlüyünü 86.6 min km2, daxilində tanıyırıq” deməsi, əslində hiyləgər gedişdir. İrəvan 1991-ci ilin xəritələrini qəbul etdiyini bildirir. Bəs son 100 ildə Ermənistanın işğal etdiyi, sovet hakimiyyətinin ermənilərə pay-püş etdiyi ərazilər necə olacaq? Bu sual hələ də havada qalır.

Ermənistanın işğalında olan 8 Azərbaycan kəndi də danışıqlarda vaxtaşırı gündəmə gətirilir. İrəvan bu məsələdə də götürdüyü öhdəliyə zidd addımlar atmaqdadır.

Fransanın, Hindistanın Ermənistana hərbi yardımları fonunda Azərbaycanın öz tarixi torpaqlarını gündəmə gətirməsi tam yerinə düşür. Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılan süni bir dövlətdir. İrəvan, Göyçə, Zəngəzur 100 il, 90 il öncə Ermənistana verilib. 100 il tarix və araşdırma üçün o qədər uzaq dövr sayılmaz. Azərbaycanlılar ən son 35 il öncə Ermənistandakı öz tarixi torpaqlarından zorla çıxarılıblar. Etnik təmizləməyə məruz qalıblar, kütləvi qətliamlar baş verib.

Yeri gəlmişkən, ötən həftə 1918-ci ildə dönəmin Fransa hökuməti tərəfindən təsdiq edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi yayıldı. Həmin xəritədə Zəngəzur, Göyçə mahallarının da Azərbaycan ərazisi kimi təsdiqləndiyi əks olunub. Ekspertlər bu xəritənin dünyadakı hazırkı şərtlər daxilində hüquqi əsasının olmadığını desələr də, faktoloji baxımdan çox önəmlidir.

Göyçə, Zəngəzur, İrəvan hədəfimizdən geri durmamışıq, imtina etməmişik. Prezident İlham Əliyev bunu əsas milli hədəflərimizdən biri kimi elan edib. Lakin hərbi eskalasiyasız, müharibəsiz bu hədəfə çatmağımızı deyib. O torpaqlara tankla yox, maşınla, müharibə ilə deyil, sakit, əmin-amanlıq şəraitində geri dönəcəyimizi söyləyib.

Qərbin Fransa və Hindistan vasitəsilə Ermənistanı silahlandırmasına ən tutarlı cavabımız Azərbaycanın şimalının tam bütövləşməsi və bərpası istiqamətində səyləri davam etdirmək olar. Danışıqlar masasına Xalq Cümhuriyyətinin dövründəki xəritənin yatırılması təklifləri səsləndirilir. Dünyanı bu gerçəyə alışdırmaq, inandırmaq lazımdır. Bunun hüquqi prosedura necə olacaq, hansı mərhələrdən keçəcək – bu artıq mütəxəssislərin işidir. Bir az da zaman və şərait yetişməlidir.

Artıq bəzi siyasətçilər deyirlər ki, Bakı sülh müqaviləsinin bağlanması üçün tələsməməlidir. Təbii, dövlət bunu daha yaxşı bilir. Bizim durub burda məsləhət verməyimiz, yersiz görünər. Sadəcə dövlətlə cəmiyyətin ayrı-ayrı institutlarının – siyasi partiyaların, vətəndaş cəmiyyəti təşkilatlarının, medianın və s. vahid mövqedən çıxış etdiyi, çəkici eyni zindana vurduğu bilinməlidir.

Dünyanın yenidən şəkilləndirilməsi, sərhədlərin, xəritələrin böyük anlamda dəyişməkdə olduğu indiki dövrdə Azərbaycan tarixi imkanları əldən verməməkdədir. Prezident İlham Əliyev ilk yaranan əlverişli şəraitdən məharətlə yararlanıb, Qarabağı, ətraf rayonları işğaldan azad etdi.

İndi isə Zəngəzura, Göyçəyə və İrəvana qayıtmaq planlarına baxılır. Söhbət oralara qayıtmaqdan gedir, haranısa işğal etməkdən yox.

SON DƏQİQƏ: “Azərbaycan Qərbi və Şərqi Zəngəzuru birləşdirə və köçkünləri orada yerləşdirə bilər” | KONKRET

Ermənistan Rusiyanın təsirindən çıxmaq istəyir. Bu, sülh gündəliyinə zərbə vura biləcək prosesdir. Ekspertlərin də bildirdiyi kimi, Ermənistan ilə Azərbaycan arasında imzalanan 10 noyabr bəyanatının qarantoru Rusiyadır. Ermənistan indiki məqamda bu sazişdən çıxmaq üçün bəhanələr axtarır.

Belə götürəndə Ermənistan 30 ildir müxtəlif dövlətlər tərəfindən silahlandırılır. Biz də bunu həyəcanla və narahatlıqla izləyirik. Müharibədən öncə “Bu qədər silah verilən ölkə ilə necə baş edəcəyik” deyib, qara-qara düşünürdük. Axırda nə oldu? O silahların xeylisi məhv edildi, bir hissəsi isə Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Azər Ayxan
Globalinfo.az