İqtidar-müxalifət dialoqu adı ilə son 4 ildir proses başladılıb. Burada əsas hədəf kimi ümummilli məsələlərdə iki düşərgə arasında fikir ayrılığının aradan qaldırılmasıdır.
44 günlük Vətən müharibəsi zamanı ölkədə fəaliyyət göstərən bütün partiyalar bəyanat verərək Prezidentin, Ordunun yanında olduqlarını dedilər, dövlətin apardığı siyasəti dəstəklədiklərini bildirdilər. Bura iki partiya qoşulmadı – AXCP və Müsavat.
Müharibədən sonra da iqtidarla müxalifət partiyaları arasında bağ davam etdi. Hətta işğaldan azad edilmiş ərazilərə siyasi partiyaların səfərləri təşkil olundu. Bu səfərlərə toplu halda avtobusla gedildi. Yəni müxalifət partiyaları PA-nın müvafiq şöbəsinin təşkilatçılığı ilə avtobusla Qarabağın yenicə işğaldan azad edilən ərazilərinə getdilər. Onların bu hərəkəti inkarçı və radikal müxalifət adlandırılan AXCP və Müsavat üzvləri tərəfindən sərt şəkildə tənqid edildi.
Ardınca Azərbaycan siyasətində yeni termin yarandı: “Avtobus müxalifəti”. Avtobusa minən partiya sədrləri sosial şəbəkələrdə lağ obyektinə çevrildilər. Dərin izahlar verildi, deyildi ki, avtobusa ümummilli maraqlar naminə əyləşiblər. Amma kimə deyəsən, xeyri yox idi. “Avtobus müxalifəti” termini artıq şüurlara həkk edilmişdi.
7 oktyabr 2021-ci il. İqtidarla müxalifət Şuşada, Vaqifin məqbərəsi önündə
Əslində, o avtobusa minən partiya sədrləri üçün durum ürəkaçan deyildi. Neçə illik karyeralarını, reputasiyalarını ciddi zədələmişdilər. Risk almışdılar. Bütün bunlar isə tək bir şeyə görə idi: Növbəti parlament seçkilərində mandat əldə edə bilmək! Yoxsa nədən komsomol itaətkarlığı ilə PA-dan gələn bütün təlimatlara “baş üstə” desinlər? Partiyalar arasında rəqabət də yaranmışdı. Az qalsın bir-birinə desinlər: “Bizim partiya sizin partiyadan daha çox avtobus müxalifətidir”. Beləcə, vaxt gəlib çatdı, Milli Məclisə seçkilər keçirildi.
Mandat almaq ümidi ilə yaşayan əksər siyasətçi, partiya sədri hesablamalarında yanıldı. BAP sədri Elşad Musayevdən və AMİP sədri Arzuxan Əlizadədən başqa MM-ə düşən olmadı.
Maraqlıdır ki, bu sistem davam edəcəkmi? Mandat verilməyən müxalif partiya sədrləri yenə də dialoq layihəsində iştirak edəcəklərmi? Yoxsa bundan imtina xətti tutacaqlar?
Görünən odur ki, “Avtobus müxalifəti” projesi qəzaya düşüb. Mənəvi-psixoloji baxımdan yara alan xeyli siyasətçi var. Küsənlərin sayı isə daha artıqdır.
Amma partiyaların, siyasətçilərin bu xətdən çıxmaq lüksləri yoxdur. Səbəblər dərindir. Bağ möhkəmdir. Olan-qalan resursdan da məhrum ola bilmək riski var. Ən yaxşısı gələn seçkilərə hazırlaşmaqdır…
Tahir Turan
Globalinfo.az