AŞPA-da Bakıya dost dəstəyi – “Məntiqi əməliyyat ola bilər…”

Serbiyanın AŞPA-dakı nümayəndə heyəti Assambleyanın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etirazını bildirib. Maraqlıdır, belə müraciətlər AŞPA-nın Azərbaycanla bağlı ədalətsiz mövqeyinə nə kimi təsir göstərə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aqşin Kərimov deyib ki, Serbiyanın Azərbaycana dəstəyi növbəti siyasi proseslərdə ikitərəfli tərəfdaşlıq çərçivəsi əsasında reaksiya ölçüsünü ehtiva edir:

“Kəskin qütbləşməyə məruz qalan beynəlxalq siyasi konyukturada hərə öz tərəfdaşını, müttəfiqini təyin edir. Dövlətlər bir-birilərinin qarşılıqlı ehtiyaclarını təmin etmək üçün sınaqdan keçirlər. Serbiya AŞPA məsələsində sınaqdan üzüağ çıxdı.

Azərbaycanla Serbiyanın “xüsusi cədvəl” əsasında strateji tərəfdaşlığını inkişaf etdirməsinin nəticəsi AŞPA-dan çıxırsa, burada gələcək məntiqi əməliyyat baş tutacağını istisna edə bilmərik. Belə ki, Serbiya onsuz da Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bu yana Qərb strukturları ilə gərgin münasibətlər fazasındadır. O, Kosovanı özünə birləşdirməyi prioritetləşdirir ki, Qərb məsələyə kəskin reaksiya göstərir”.

Aqşin Kərimov

Politoloq qeyd edib ki, Serbiyada Çinin maraqlarının yüksəlməsi və Belqradın Rusiya ilə gələcək əlaqələr dinamikasını müsbət meyarlarla nəzərdən keçirdiyi şəraitdə Qərbin strateji qorxuları artır:

“Üstəgəl Qərb-Rusiya-Çin üçbucaqlı rəqabətində güclü manevr sahəsi qazanan Türkiyə də regionda portfelini əhəmiyyətli şəkildə doldurur.

Azərbaycan Balkan regionunda cərəyan edəcək proseslər fonunda müttəfiqləri və tərəfdaşları ilə münasibətlərinin kontekstinə yenidən nəzər salmalıdır. Görünür, bu nöqteyi-nəzərdə Azərbaycan Serbiya ilə tərəfdaşlıq prinsiplərini nəyəsə qurban verməkdə maraqlı deyil. Serbiya da Bakının bu mövqeyi qarşılığında ona dəstəyini nümayiş etdirir. Bakı-Belqrad arasındakı qarşılıqlı dəstək mexanizmləri:

– Nəhəng geosiyasi mənzərədə daha böyük strateji əhəmiyyətə malikdir;

– Avropanın çat verən təhlükəsizlik laylarında Azərbaycanla Serbiyanın müştərək maraqlarını ifadə edir;

– Serbiyanın Azərbaycanın Avropa Şurasından çıxmaq qərarına sətiraltı müsbət reaksiyası deməkdir”.

Turan Rzayev
Globalinfo.az