“Böyük siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü xalqımız böyük ehtiramla qeyd edir”.
Bunu Globalinfo.az-a deputat Aydın Hüseynov deyib.
O bildirib ki, Heydər Əliyev ömrünü Azərbaycan xalqının inkişafına və tərəqqisinə həsr edib:
“O, dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrdə general rütbəsinə yüksələrək Azərbaycan xalqının dövlətçilik məfkurəsinin formalaşmasında mühüm rol oynayıb, milli düşüncəyə malik insanların, xüsusilə ziyalıların qorunmasına böyük töhfə verib. Ulu öndər Azərbaycana ilk rəhbərliyi dövründə ölkəni aqrar respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevirib. Həmin illərdə Azərbaycan bütün sahələr üzrə ittifaq səviyyəsində önəmli mövqeyə yüksəlib. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması və digər mühüm addımlar məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib”.
Deputat qeyd edib ki, Heydər Əliyevin ən böyük əsəri isə müasir müstəqil Azərbaycan dövlətidir:
“1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər qısa müddətdə ölkədəki xaosun qarşısını aldı, Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Onun rəhbərliyi ilə ölkədə sabitlik bərpa olundu, ordu quruculuğuna başlanıldı, iqtisadi inkişafın əsasını təşkil edən neft strategiyası həyata keçirildi. Bunun nəticəsində Azərbaycanın həm iqtisadi, həm də siyasi nüfuzu daha da artdı. Eyni zamanda müxtəlif sahələri əhatə edən mühüm dövlət proqramları qəbul edildi.
Aydın Hüseynov
Bu gün Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutması, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğal altında olan torpaqlarını azad etməsi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurlu davamının nəticəsidir. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, regionun hərbi, siyasi və iqtisadi güc mərkəzlərindən biri kimi çıxış edir. Ölkəmiz həm Cənub Qaz Dəhlizi, həm də Orta Dəhliz üzərində mühüm nüfuza malikdir.
Azərbaycan xalqının ən böyük uğurlarından biri də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyası ətrafında birləşməsidir. Bu gün əldə olunan bütün nailiyyətlərin təməlində Heydər Əliyevin uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi dayanır. Zaman keçdikcə onun ideyaları daha uğurla davam etdirilir və Azərbaycan xalqı ulu öndərin xidmətlərini daim böyük ehtiramla yad edir”.
Ləman İmran
Globalinfo.az