Artıq uzun müddətdir ki, sosial şəbəkələrdə və xəbər platformalarında TikToker “Arzum999” ləqəbi ilə tanınan İlduzə Hacıyevanın məhkəmə prosesi geniş müzakirə olunur. Cəmiyyət iki yerə bölünüb. Bir qrup onun günahsız olduğunu deyir, digər qrup isə baş verən faciəyə görə məsuliyyəti tamamilə “Arzum”un üzərinə qoyur.
Hadisənin hüquqi tərəfini hakimlər, vəkillər və ekspertlər qiymətləndirəcək. Biz isə bu hadisəyə ilk növbədə insanlıq prizmasından baxmalıyıq.
Bu qəza nəticəsində bir gənc həyatını itirdi. Bu, hər kəs üçün ağır faciədir. Heç bir söz Amalın ailəsinin ağrısını azalda bilməz. Eyni zamanda, bu hadisədən sonra “Arzum”un da həyatı tamamilə alt-üst oldu. Onun himayəsində azyaşlı övladları, o cümlədən xüsusi qayğıya ehtiyacı olan autizmli övladı var. Bu hadisənin yükünü yalnız o deyil, övladları da daşıyır.
Sosial şəbəkələrdə müxtəlif iddialar səslənir. Kimisi deyir başsağlığı verilməyib, kimisi 104 min dollarlıq tələbdən danışır, kimisi isə hadisənin gedişi ilə bağlı fərqli fikirlər səsləndirir. Ancaq bütün bunların fonunda unudulan bir həqiqət var ki, bu hadisə qəsdən törədilmiş cinayət deyil, faciəvi yol-nəqliyyat hadisəsidir.
Bu hadisə mənə şəxsi həyatımızda yaşadığımız ağır bir günü xatırladır. Təxminən 3 il əvvəl 23 yaşlı xalam oğlu toydan çıxarkən avtomobil vurması nəticəsində həyatını itirdi. Qəzanı törədən şəxs 2-3 gün sonradan başsağlığı vermək istəsə də, xalamın yoldaşı bunu qəbul etmədi. Dedi ki: “Qoy gəlməsinlər. Xalama dedi, birdən oğul dərdinə dözməyib acı söz deyərsən, qarşı tərəf də əsəbiləşib rəhmətə gedən oğlumuz haqqında xoşagəlməz söz işlədər, ürəyində də olsa söyər. Onsuz da balamız geri qayıtmayacaq, heç olmasa belə bir ağrı da yaşamayaq”.
Məhz buna görə xalamgil həmin şəxslə üz-üzə gəlmədi, məhkəmədə də şikayətçi olmadı. Dedilər ki, üz-üzə gəlməyək. Xalamın yoldaşı dəfələrlə dedi ki, qəza bilərəkdən törədilməyib, o adam həbs olunsa da, olunmasa da, oğlum geri gələn deyil. Bəzən ən ağır qərar qisas yox, sakit qalmaq olur… Belə məqamda ailə dünyasını dəyişəni düşünməlidir, təhqir olunmasına şərait yaratmamalıdır…
Doğrudan da nifrət heç kimi həyata qaytarmır.
Əlbəttə, qanun öz sözünü deməlidir. Kimin hansı məsuliyyət daşıdığı hüquqi müstəvidə müəyyənləşməlidir. Amma insanları linç etmək, ailələrini hədəfə çevirmək, övladlarını cəzalandırmaq heç bir vicdana sığmır.
Allah Amal bəyə rəhmət eləsin. Ailəsinə səbir versin. Allah “Arzum”a və övladlarına da güc versin. Bir qəza iki ailənin həyatını məhv edib…
Zaira Akifqızı
Globalinfo.az