tokayev 99

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin məscidlərin tikintisi əvəzinə kitabxanaların inşasına daha çox diqqət ayrılmalı olduğu barədə açıqlaması müzakirələrə səbəb olub. O, cəmiyyətdə mütaliə vərdişinin artırılmasının və gənclərin elmə yönəlməsinin vacibliyini vurğulayıb.

Bəs Tokayevin bu fikri reallığı nə dərəcədə əks etdirir? Cəmiyyətin inkişafında elmə, yoxsa dinə daha çox üstünlük verilməlidir? Məscid və kitabxana tikintisini bir-birinə alternativ kimi görmək nə dərəcədə düzgündür?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, postsovet məkanından çıxaraq müstəqillik qazanan ölkələrin böyük əksəriyyətində sovet dövründə məscidlərin olmaması və ya fəaliyyətinin məhdudlaşdırılması səbəbindən müstəqillikdən sonra məscidlərin tikintisinə geniş yer verildi:

“Beləliklə, həmin ölkələr bu boşluğu doldurmağa çalışdılar. Hər halda, bu gün Tokayevin ölkəsində vəziyyətin necə olduğunu tam təhlil edə bilmirik. Lakin məsələyə ümumi yanaşdıqda görürük ki, islam dini ilə elmi qarşı-qarşıya qoymaq, onları fərqli qütblərdə göstərməyə çalışmaq bu dinin ruhuna ziddir.

aga hacibeyli ilahiyyatci 2

Ağa Hacıbəyli

İslam dininin ilk əmri də oxumaqdır. “Ələq” surəsinin ilk beş ayəsində oxumaq tövsiyə edilir. Böyük bir mədəniyyətin dünyaya ilk mesajı, ilk prinsipi oxumaq əmri ilə başlayır”.

İlahiyyatçı bildirib ki, VIII əsrdən XIV əsrə qədər islam aləmini əhatə edən böyük mədəniyyət Avropanın, o cümlədən Əndəlusun elmi və mədəni inkişafına mühüm töhfələr verib:

“Məktəb, mədrəsə və məscid anlayışlarının hər üçü islam mədəniyyəti ilə bağlıdır. Həmin dövrdə islam alimləri həm dünyəvi, həm də mənəvi elmləri birlikdə öyrənirdilər. Onlar üçün din və dünyəvi elmlər bir-birindən ayrı anlayışlar deyildi. O dövrün alimi astronomiya, tibb, fəlsəfə, həndəsə və fizika sahələrində biliklərə malik olurdu. Bu üç mərkəz mahiyyət etibarilə bir-birinə yaxın olub, elm və mənəviyyatın inkişafına xidmət edib. Bu baxımdan, ayrı-seçkilikdən daha çox inteqrasiyaya ehtiyacımız var. Ona görə də hesab edirəm ki, məscidlərin, mədrəsələrin, kitabxanaların, eləcə də müasir kitabxanaların tikintisi zəruridir. Biz hər bir ölkənin konkret ehtiyacını bilmirik. Lakin ümumi yanaşdıqda, islamı və elmi bir-birinə zidd mövqedə göstərmək böyük yanlışlıqdır. Bu yanaşma heç bir ölkəyə fayda verməyib və bundan sonra da verməyəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: