1039924 src

Avstriyada Ukrayna hərbi kəşfiyyatının iki əməkdaşı casusluq şübhəsi ilə yenidən həbs olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Avstriyanın ORF media şirkəti məlumat yayıb.

Məlumata görə, Ukrayna vətəndaşları daha öncə də həbs edilsələr də, təxminən iki həftə əvvəl sərbəst buraxılıblar. Vyana Prokurorluğu onların yenidən həbs olunduğunu təsdiqləyib, lakin istintaqın məxfiliyini əsas gətirərək əlavə məlumat verməyib.

Avstriya mediasının yazdığına görə, şübhəlilərin kompüter və telefonlarında olan məlumatlar təhlil edildikdən sonra onların yenidən həbsinə qərar verilib.

Mənbələrin iddiasına əsasən, həmin məlumatlarda Böyük Britaniya ərazisində qanunsuz əməliyyatların hazırlanmasına dair izlər aşkarlanıb. Söhbət Ukraynada iqtisadi cinayətlərdə şübhəli bilinən şəxslərin oğurlanmasından gedir.

Avstriya mediası Ukraynanın keçmiş baş prokuroru Ruslan Kravçenkonun oktyabrın sonunda sosial şəbəkədə yaydığı açıqlamaya da diqqət çəkib. Vyanaya köçən Kravçenko Ukrayna kəşfiyyatının bir qrup əməkdaşının onun arxasınca göndərildiyini və ona qarşı qanunsuz zorakılıq hərəkətləri törətməyi planlaşdırdığını iddia edib.

Qeyd edək ki, oktyabr ayında Vyanada Ukraynanın hərbi kəşfiyyatının xeyrinə casusluq şübhəsi ilə “Ukrainskaya pravda” nəşrinin jurnalisti Mixail Tkaç və operator Yaroslav Bondarenko da saxlanılıb.

Nəşrin məlumatına görə, Tkaç Vyanaya Kravçenkonu axtarmaq məqsədilə gedib. Jurnalist sonradan sərbəst buraxılsa da,  operator hələ də şübhəli şəxs statusundadır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: