Bərdədə dəm qazından zəhərlənərək həyatını itirən 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanın anası Şəlalə Quliyeva qızının ölümü ilə bağlı bəzi iddialar səsləndirib.
Globalinfo.az xəbər verir ki, “Teleqraf”a danışan ananın sözlərinə görə, hadisədən əvvəl qızı ona zəng edərək pul istəyib. O, qızının bank kartına pul göndərdikdən sonra bir neçə dəfə Pərvanə ilə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab ala bilməyib.
Şəlalə Quliyevanın sözlərinə görə, səhər saatlarında qızı yenidən zəng edərək gecə baş verənləri danışıb. Kənanın qayçını boğazına dirəyərək onu hədələdiyini, evdən getsə, öldürəcəyini dediyini bildirib.
Şəlalə Quliyeva hadisədən gecə saat 3 radələrində xəbər tutub. Ona qızının və kürəkəni Kənan İmaməliyevin zəhərləndiyi bildirilib. Dərhal yola düşən ana xəstəxanaya çatanda Pərvanənin artıq morqda olduğunu öyrənib.
Ana günorta saatlarında qızının meyitini görüb, bədəninin sağ böyründə sivri iz və qan yığılmasına bənzər əlamət müşahidə edib.
Ananın sözlərinə görə, Pərvanənin ölüm səbəbi ilə bağlı dəqiq fikir ekspertizanın rəyindən sonra bilinəcək.
Şəlalə Quliyeva məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. O, qızının qayınanası, qaynı və həyat yoldaşından şikayətçidir.
Qeyd edək ki, bugün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonunun Əliyanlı kəndində fərdi yaşayış evində iki nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Pərvanə Hüseynova vəfat edib. 2003-cü il təvəllüdlü Kənan İmaməliyevin vəziyyəti isə orta-ağırdır.
