Hərbi əməliyyatların başlaması mümkündür – Erməni general

“Azərbaycan üçtərəfli bəyanatın 9-cu bəndini mütləq təmin edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan deyib.

O bildirib ki, Azərbaycan “Zəngəzur dəhlizi”ni açmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Hətta hərbi əməliyyatların başlanması da mümkündür.

Movses Akopyanın fikrincə, Azərbaycanı heç nə, hətta sülh müqaviləsinin imzalanması belə dayandıra bilməz. 

“Hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistanı kimin dəsətəkləyəcəyini deyə bilmərəm. Nəzərə alaq ki, rəsmi İrəvan  KTMT ilə münasibətlərin dondurulduğunu və Rusiya sərhədçilərinin Ermənistandan çıxarılacağını elan edir. Ona görə də Ermənistanı kimin dəstəkləyəcəyini deyə bilmərəm və bu suala cavabım yoxdur”, – Akopyan vurğulayıb.

Qeyd edək ki, antiterror əməliyyatlarından sonra erməni siyasi çevrələrində, o cümlədən Ermənistan mediasında Azərbaycanın guya bu ölkəyə hücum edəcəyi ilə bağlı ardıcıl xəbərlər yayılır. Bu xəbərlər Qərb mediasında da tirajlanır və Azərbaycanın təcavüzkar ölkə imicinin yaradılmasına xidmət edir. Azərbaycan Prezidenti, o cümlədən digər ölkə rəsmiləri bu məlumatları dəfələrlə təkzib ediblər və bildiriblər ki, rəsmi Bakı sülh müqaviləsinin imzalanmasında maraqlıdır, bu istiqamətdə addımlar atılır və Ermənistana, o cümlədən digər qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur. Buna baxmayaraq analoji məlumatlar və iddialar demək olar ki, gündə bir neçə dəfə Ermənistanın tanınmış şəxsləri tərəfindən tirajlanır.

Əliyar Xəlil
Globalinfo.az