ABŞ Prezidenti Donald Tramp federal hökumətin bağlanması ilə bağlı süni intellektlə hazırlanan video paylaşıb. Kadrlarda Büdcə və İdarəetmə Ofisinin direktoru Russ Vout “ölüm mələyi” obrazında çıxış edir.
Globalinfo.az xəbər verir ki, videoda Tramp özü də görünür – əlində musiqi aləti, skelet musiqiçilərdən ibarət orkestrin üzvü kimi.
Hətta vitse-prezident Cey Di Vens də videoda yer alıb. Fon musiqisi isə məşhur “(Don’t Fear) The Reaper” mahnısının parodiyasıdır.
Demokratların Nümayəndələr Palatasındakı lideri Hakim Cefris isə Trampa səslənib: “Cənab Prezident, mənim haqqımda sözünüz varsa, bunu saxta və irqçi AI videosu ilə yox, açıq şəkildə deyin”.
Tramp eyni gün daha bir mem də paylaşaraq Demokratları “nifrət, şər və şeytan partiyası” adlandırıb.
Xatırladaq ki, ABŞ federal hökuməti artıq üç gündür ki, maliyyə böhranı səbəbilə fəaliyyətini dayandırıb. Tramp isə bu vəziyyəti Demokratlara təzyiq göstərmək və idarədə daha çox nəzarət toplamaq üçün fürsətə çevirir.
Qeyd edək ki, videonu Tramp üçün “Dilley Meme Team” adlı onlayn qrup hazırlayıb. Onlar özlərini “Trampın onlayn müharibə maşını” adlandırır və milyonlarla baxış yığdıqlarını bildirirlər.
Aysel Əliyeva
Globalinfo.az