ABŞ Səudiyyə Ərəbistanını itirməkdədir – Yaxın Şərq yenidən bölüşdürülür

1945-ci il 14 fevralda Amerika Birləşmiş Ştatlarının 32-ci Prezidenti Franklin Ruzvelt Yaltada Britaniyanın Baş naziri Uinston Çörçill və SSRİ-nin rəhbəri İosif Stalinlə görüşdən qayıdarkən Səudiyyə Ərəbistanı Krallığının (SƏK) banisi Kral Əbdüləziz əl-Səud məxfi şəkildə onunla görüşə çağırıldı. Görüş Süveyş kanalında mövcud olan və Amerika hərbi dəniz donanmasına aid kreyserdə baş tutdu. Görüşün nəticəsində iki lider arasında tarixə “Quincy Paktı” kimi düşən müqavilə imzalandı. Müqavilə 60 illik bir dövrü əhatə edirdi. Bu müddət ərzində ABŞ enerji təchizatı qarşılığında Əl-Səud ailəsinə hərbi sahə də daxil olmaqla bütün sahələr üzrə yardım etməyi öhdəsinə götürürdü. 2005-ci ildə 43-cü Prezident Corc Uilyam Buşun Prezidentliyi dövründə müqavilə daha 60 ilə uzadıldı.

2017-ci ilə – Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının vəliəhdi təyin olunana qədər davam edən bu uzun müddət ərzində iki ölkə arasındakı münasibətlər normal vəziyyətdə davam edir və tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirirdilər. 2021-ci ildə Co Bayden Amerikanın Prezidenti kimi Ağ Evə daxil olduğu zaman Səudiyyə Ərəbistanının vəliəhdi və faktiki rəhbərini tamamilə arxa plana atdı. Hələ seçki kampaniyası zamanı o, Məhəmməd bin Salmanı, Mərkəzi Kəşfiyyat İdarəsinin təhqiqatına əsasən, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Qaşuqinin (Qaşıqçı-red.) İstanbuldakı Səudiyyə konsulluğunda vəhşicəsinə öldürülməsində əli olduğuna görə cəzalandırmağa da söz vermişdi.

Elə buna görə də ABŞ Prezidenti seçildikdən sonra məqsədyönlü şəkildə vəliəhdlə münasibətə girməkdən imtina etdi. Kral Salmanla görüşə onun dəvət olunmaması və digər toplantılarda iştirak etməməsini şərt kimi irəli sürdü.

Bayden, eyni zamanda, Yəməndə Səudiyyə Ərəbistanının proksilərinə qarşı mübarizə aparan husiləri terror qrupları siyahısından çıxardı. Bu da sonda Məhəmməd bin Salmanı hiddətləndirdi və onun Amerikaya qarşı Çin və Rusiya ilə yaxınlaşmasına gətirib çıxardı. Bəzi nüfuzlu media mərkəzlərinin verdiyi məlumata görə isə Amerikanın OPEK+ çərçivəsində neft istehsalının artırılması tələbi elə bu səbəbdən də Səudiyyə tərəfindən rədd edilmişdi.

Vəliəhdin ABŞ-a qarşı tutduğu mövqe və qarşıdurmanın daha da gücləndirilməsi  istiqamətində atdığı addımlar Co Baydeni regiona səfər etmək, ona və krallığa qarşı mövqeyini yumşaltmağa məcbur etdi.

“Biz buradan çıxıb getməyəcəyik ki, Çin, İran və Rusiya yerimizi tutsun” – deyə Bayden Ciddədə olduğu vaxt bəyanat verdi. Amma Baydenin bu bəyanatı sanki, Məhəmməd bin Salmanı daha sürətlə Çin və Rusiya ilə yaxınlaşmağa təhrik etdi. Bu bəyanatdan sonra Çin Xalq Respublikasının Prezidenti Si Cinpin Krallığa səfər etdi və Çin ilə Səudiyyə Ərəbistanı Krallığı arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalandı. Rusiya ilə SƏK arasındakı münasibətlər də artıq əvvəlki səviyyədən daha yaxındır və enerji sahəsində OPEK+ çərçivəsində olduqca uğurlu əməkdaşlıq həyata keçirilir. Elə məhz Amerikanın istəyinin əleyhinə olaraq neft istehsalının artırılmaması son dövrdə ABŞ-Səudiyyə münasibətlərinə vurulan zərbə oldu.

Politoloq Əlimusa İbrahimov

Səudiyyə vəliəhdi Çin Prezidenti ilə Ciddədəki görüşü zamanı özünü krallığın de- fakto rəhbəri kimi apardı və onun Çin rəhbərini qarşılama mərasimi Amerika prezidenti üçün təşkil olunan mərasimdən qat-qat üstün idi. Məhəmməd Bin Salmanın Si Cinpinlə əl sıxışması prosesini Baydenin SƏK də daxil olmaqla regiona bütün səfərinə bərabər hesab etmək olardı.

Çinlə Səudiyyə arasındakı strateji əməkdaşlıq haqqında müqaviləni Amerikanın region üzrə planlarını alt-üst etmiş səviyyədə olduğunu düşünmək olar. Bundan sonra Vaşinqtonun Səudiyyə Ərəbistanı və eləcə də region ölkələri ilə əvvəlki münasibətlərinin bərpa edilməsi üçün uzun müddət çalışması lazım gələcək. Amerika bilərəkdən, yaxud bilməyərək Yaxın və Orta Şərq regionunda əvvəlki nüfuzunu itirməkdə davam edir. Bunun nəticələrindən daha çox kimin təsirlənəcəyi yaxın gələcəkdə məlum olacaq.

Görünən odur ki, 1945-ci ilin 14 fevralında – 77 il bundan qabaq ABŞ-ın 32-ci Prezidenti Franklin Ruzveltin Səudiyyə Ərəbistanı Krallığının banisi, hazırki Səudiyyə Kralının babası Kral Əbdüləziz əl-Səudla imazaladığı “Quincy Paktı”  ikinci dövrü başa vurmamış ləğv olunacaq. Səudiyyə Ərəbistanı tərəfindən atılan addımlar bunu deməyə əsas verir. Sadəcə Çinin bu krallığın təhlükəsizliyinə tam zəmanət verməsi və onunla hərbi sahədə əməkdaşlığı daha da genişləndirməsi qalıb. Bu məsələlər də həll olunduqdan sonra Amerikanın regiondan uzaqlaşmasının qarşısını almaq mümkün olmayacaq.

Politoloq Əlimusa İbrahimov
Xüsusi olaraq Globalinfo.az üçün