Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyəndə tikilməkdə olan metallurgiya zavodunun ərazisində ABŞ və Ermənistan bayraqlarının asılması ciddi müzakirələrə səbəb olub. ABŞ-ın 70 milyon dollar investisiya yatırdığı və tikintisinə əsasən hindlilərin cəlb edildiyi zavodla bağlı müxtəlif fikirlər səsləndirilir.
Globalinfo.az xəbər verir ki, zavod ABŞ-da fəaliyyət göstərən “CS Global Investments” və “Virtual Funding” şirkətlərinin investisiyası hesabına inşa edilir. Adı ilk qeyd olunan şirkətin sahibi Hindistan əsilli Bobbi Kanq, ikinci şirkətin sahibi isə Ermənistan vətəndaşı Qriqor Ter-Qazaryandır.
Bir müddət öncə Ermənistan tərəfi Azərbaycan ordusunu Arazdəyəndə yerləşən zavodu atəşə tutmaqda günahlandırdı. Guya 2 hindli yaralanıb. Daha sonra davamlı şəkildə əraziyə atəş açıldığı iddia edildi. Erməni mətbuatında bu məsələ sərhəddəki gərginlikdən daha ciddi şəkildə təqdim edilir, mövzu ilə bağlı Azərbaycan əleyhinə təbliğat yazıları yayımlanırdı. Erməni ekspertlər və rəsmi dairələr Azərbaycanın ABŞ-ın həmin bölgədə investisiya yatırdığı zavodun tikintisinə qəsdən mane olmağa çalışması ilə bağlı fikirlər önə sürməyə başladılar. Zavodu tikən şirkətin və ABŞ səfirliyinin nümayəndələri ilə daimi görüşlər keçirilir, Azərbaycanı qaralama kampaniyaları aparılırdı.
Ermənistanın bu məsələdə “həssaslığının” səbəbi nədir?
Çünki Arazdəyəndə sözügedən zavodun tikilməsi Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub. Belə ki, zavodun inşası ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə təhlükə yaradır. Mütəxəssislərin fikrincə, bu, Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarındadır. Zavoddan çıxan tullantılar isə Ermənistandan gələn Şir Arxı çayına axıdılacaq. Sözügedən bölgənin sakinləri də təsərrüfatda həmin çayın suyundan istifadə edirlər.
O cümlədən, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələ ilə bağlı rəsmi şəkildə etirazını bildirib. Həmçinin QHT nümayəndələri, ekspertlər də zavodun həmin bölgə üçün təhlükə mənbəyinə çevrilməsi ilə bağlı əsaslı məlumatlar təqdim ediblər. Diaspor təşkilatları da bu mövzuda bəyanat yayımlayıblar.
Ermənistan isə israrla zavodun tikintisinin heç bir təhlükəyə səbəb olmayacağını, Azərbaycanın tikintiyə başqa məqsədlə etiraz bildirdiyini iddia edir.
Ermənistanın bu mövzuda məqsədi nədir?
Bəzi ekspertlərin fikrincə, Ermənistan bu vasitə ilə Azərbaycanı beynəlxalq platformalarda “təcavüzkar”, “Ermənistanın iqtisadi inkişafına mane olmağa çalışan ölkə” kimi göstərməyə çalışır. Beləliklə, beynəlxalq ictimaiyyətə “Qarabağı da onlar blokadaya alıblar” fikrini qəbul etdirməyə çalışırlar. Sülh danışıqlarında vasitəçilərdən biri olan Vaşinqtonla Bakının bu məsələdə “qarşı-qarşıya gəlməsi” də İrəvanın məqsədlərindən biri kimi qiymətləndirilir.
Bir sıra ekspertlər isə bunun anklavlar məsələsinin hazırda gündəmdə əsas müzakirə mövzusu olması ilə əsaslandırırlar. Belə ki, Ermənistan ABŞ-ın diqqətini həmin əraziyə yönəldərək Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasının qarşısını almağa çalışdığı bildirilir. Yəni, İrəvan bu vasitə ilə Kərkinin hərbi yolla azad edilməsinin qarşısını almağa çalışır.
Nəticə olaraq isə Ermənistan Arazdəyəndə zavodun ərazisində ABŞ bayrağının ucaldılması ilə tikinti prosesinin “təhlükəsizliyi”ni təmin etməyə çalışdığını bildirir. Amma Azərbaycanla şərti sərhəddə, eyni zamanda Qarabağda baş verən təxribatların ölkə gündəmində bu məsələnin kölgəsində qalması, əsas diqqətin zavoda yönəldilməsi mövzunun heç də “zavod təhlükəsizliyi” olmadığının bariz göstəricisidir.
Qeyd edək ki, bir sıra ekspertlər Gədəbəyin Söyüdlü kəndində baş verənləri Arazdəyəndəki metallurgiya zavodu məsələsi ilə əlaqələndirirlər. Azərbaycan tərəfinin zavodun tikintisinə etirazından sonra belə bir hadisənin yaşandığını əsas göstərənlər var.
Ayşən Mustafa
Globalinfo.az