Tehran ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinə vurulan zərərin kompensasiyası üçün İran aktivlərindən istifadə edə biləcəyi ilə bağlı KİV-lərdə yayılan məlumatları sərt tənqid edib və bunu beynəlxalq hüququn pozulması adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi X sosial şəbəkəsində yazıb.
“Bu, ABŞ-ın növbəti həyasız addımıdır. Əgər Vaşinqton həqiqətən də İran İslam Respublikasına qarşı hərbi təcavüzün əsas iştirakçısı kimi vurulan zərərin əvəzini ödəmək istəyirsə, ünvanı səhv salmasın. Qoy əvvəlcə ABŞ-ın özündən və regionda müharibə, təcavüz və qeyri-sabitliyin əsas səbəbkarı olan rejimdən başlasın. İran təcavüzkarları cavabsız qoymayacaq, müharibə nəticəsində dəymiş zərərin kompensasiyasını tələb edəcək və alacaq”, – diplomat bildirib.
Qəribabadi vurğulayıb ki, İranın aktivləri Vaşinqtonun “hərbi qəniməti” və ya onun müttəfiqlərinə ödəniş mənbəyi kimi qiymətləndirilə bilməz.
Onun sözlərinə görə, Tehranın razılığı olmadan İran əmlakının müsadirəsi, ötürülməsi və ya istifadəsi beynəlxalq hüququn yeni pozuntusu hesab olunacaq və ABŞ bunun məsuliyyətini daşıyacaq.
Diplomat əlavə edib ki, belə addımlar Vaşinqtonun sülh danışıqlarına sadiqliyi barədə bəyanatları ilə də ziddiyyət təşkil edir.
Əliyar Xəlil
Globalinfo.az