“ABŞ ilə Rusiyanın ulduzu Vardanyan məsələsində barışır” – Blinkenin Əliyevə zənginin pərdəarxası

Yanvarın 23-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. ABŞ Dövlət Departamentinin məlumatında deyilir ki, Blinken Prezident Əliyevi Laçın dəhlizinin kommersiya nəqliyyatı üçün açılmasına çağırıb. Həmçinin Ermənistanla ikitərəfli danışıqlarda səyləri artırmağı təklif edib. Eləcə də Azərbaycanda insan haqları məsələsinə toxunulub.

Maraqlıdır, indiyə kimi ABŞ dövlət katibi Prezident İlham Əliyevlə dəfələrlə telefonda danışıb, lakin bu danışıqların ictimaiyyətə açıqlanan variantında insan haqları, ermənilərin “sıxışdırılması” mövzuları müzakirə edilməyib.

ABŞ Dövlət Departamentinin son açıqlaması Vaşinqtonun Bakıya qarşı ritorikasını dəyişdiyini deməyə əsas verirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov deyib ki, telefon danışığına dair rəsmi məlumat vəziyyətin qəlizləşdiyini göstərir:

“Rusiyanın Ruben Vardanyanı Qarabağda saxlamaq cəhdləri, Qərbin Xankəndi-Laçın yolundakı aksiyalara “humanitar fəlakət var” bağırtısı səpkisində münasibəti regiondakı etimad mühitini şübhə altına alır.

Ümumiyyətlə, ABŞ ilə Azərbaycan insan hüquqlarına yanaşma məsələsində heç cür çəkici eyni nöqtəyə vurmurlar. Yəni Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini və hüquqlarını öz konstitusiyasının tələbləri çərçivəsində görürsə, ABŞ bunu fərqli meyarla dəyərləndirir.

Belə fərqlər ABŞ ilə Azərbaycan münasibətlərindəki mübahisəli tezislərin başında dayanır, lakin iki ölkənin tərəfdaşlığı və əməkdaşlığına zərbə vurmaq qabiliyyətinə yüksəlmir.

ABŞ də “humanitar fəlakət” yarlıqları ilə Azərbaycana “hücum edir”. Bu ad altında Vardanyan mühafizə edilir. Vardanyan ABŞ-nin Qarabağa dair tənzimləmələr məsələsində karta çevrilib”.

Aqşin Kərimov

Ekspertin sözlərinə görə, məsələyə yanaşmalarda fərqli meyarlar olsa da, ABŞ ilə Rusiyanın ulduzu Vardanyan məsələsində barışır:

“Rusiya Vardanyanı Qarabağda daha böyük layihənin icrası üçün “məşq etdirir”, ABŞ isə Vardanyandan erməni hüquqlarının müdafiəsinə bəhanə tapmaq üçün istifadə edir.

Azərbaycan Vardanyan rudimentinin siyasi yollarla kəsilib atılmasında maraqlıdır, ancaq bu dəfə Ermənistanla sərhədlərin müəyyənləşməsi məsələsində problemlər ortaya çıxır ki, Bakı hərbi tətbiqləri gündəliyə daşıyır.

Blinkenin Əliyevə çağırışındakı Azərbaycanın danışıqlarda hərbi güc amilini qabartdığını göstərə bilər. Mümkündür ki, Blinken Azərbaycan tərəfini sakitləşdirmək üçün Əliyevə zəng edib, Bakı isə artıq səbrinin hədlərini müəyyən edir”.

Turan Rzayev
Globainfo.az