Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması regionun gələcəyi baxımından əsas məsələlərdən biri olaraq qalır. Ötən günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan 2031-ci ilə qədər Bakı ilə müvafiq sazişin imzalanmasını hədəflədiyini deyib. Rəsmi İrəvan daha əvvəl seçkidən sonra referendum keçirilməsi və sülh sazişinin bağlanması planını açıqlamışdı.
Bu proses nə üçün 2031-ci ilə kimi ertələndi?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Ermənistanın siyasi rəhbərliyinin addımlarını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir:
“Ölkədə elə ziddiyyətli, anlaşılmaz proseslər baş verir ki, siyasi elitanın hansı məqsədlə hərəkət etdiyini, nəyə nail olmaq istədiyini və Ermənistan üçün vacib olan məsələləri niyə təxirə saldığını anlamaq mümkün deyil. Elə məsələlər var ki, onları təxirə salmaq və ya bir müddət kənarda saxlamaq mümkündür, lakin indiki şəraitdə gündəmdən çıxarmaq olmaz. Bölgəmizin həm şimalında, həm də cənubunda ağır hərbi münaqişələr gedir, bu proseslərə qoşulan ölkələrin sayı artır. Belə bir şəraitdə Azərbaycanın əldə etdiyi sülh son dərəcə mühüm əhəmiyyət daşıyır və onun dəyəri həqiqətən yüksəkdir. Ermənistan işğalçılıq niyyəti ilə Azərbaycanın üzərinə gəlib. Heç bir tarixi və hüquqi əsası olmadan öz ərazi imkanlarını genişləndirməyə çalışıb. Guya burada yaşayan bir qrup erməninin azadlıq və demokratiya istəyi hər şeydən üstün tutulurdu. Lakin yaxşı xatırlayırıq ki, hər şey “Miatsum”, yəni birləşmə şüarı ilə başladı. Erməni radikalları və millətçiləri Qorbaçov dövrünün separatçı ideologiyasını rəhbər tutaraq Azərbaycana qarşı hərəkətə keçdilər. Siyasətdə və adi həyatda mübarizələrlə bağlı belə bir yanaşma var: düşmənin sənə etmək istədiyini özün ona et ki, bir daha sənin üzərinə gəlməsin. Ermənistan son 125-130 il ərzində yeddi dəfə Azərbaycana hücum edib. Nəhayət, bu dəfə xarici ölkələrin böyük dəstəyinə baxmayaraq, biz qalib gəldik. Əldə etdiyimiz sülhün çox böyük dəyəri var və indiki şəraitdə onun əhəmiyyətini ölçmək çətindir”.
Tofiq Abbasov
Politoloq bildirib ki, müharibələr bəzən asanlıqla başlayır, lakin başa çatması çox çətin olur:
“Məsələn, Rusiya-Ukrayna müharibəsinə nəzər salaq. Moskva bunu “xüsusi hərbi əməliyyat” adlandırır, amma münaqişə davam edir. İran ətrafında baş verən proseslərdə də eyni vəziyyəti görürük. Buna görə də Azərbaycanın yaratdığı yeni şərait və formalaşdırdığı sabit mühit həqiqətən böyük əhəmiyyət daşıyır. Ermənistan isə bu sülhün qədrini bilmir. Çünki söhbət, demək olar ki, öz subyektivliyini itirmiş bir ölkədən gedir. Ermənistan müxtəlif mərkəzlərin təsiri altına düşüb, özü bir alətə çevrilib. Bu ölkənin siyasətində səmimi və sağlam niyyətlərin olub-olmadığı sual doğurur. Paşinyan hakimiyyəti ciddi problemlərlə üzləşir. Ermənistanın siyasətinə bir neçə mərkəz təsir göstərməyə çalışır. Bunların arasında kilsə, diaspor, Fransa və Rusiya var. İndi ABŞ da bu proseslərə qoşulub. Bütün bunları nəzərə alanda görürük ki, Ermənistan birmənalı mövqe ortaya qoya bilmir. Bir tərəfdən sülh istədiyini, digər tərəfdən kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirir. Əgər həqiqətən belədirsə, bəs bu proseslər niyə gecikdirilir? Sülhə hazır olduqlarını deyirlər, amma məsələni 2031-ci ilə qədər təxirə salırlar. Ermənistan rəhbərliyi verdiyi vədlərə əməl etmir.
Rusiya ilə bağlı da ziddiyyətli məqamlar var. Ermənistan xarici siyasət vektorunun seçimi ilə bağlı referendum keçirəcəyini bildirib, lakin sonradan bundan imtina etmək niyyətində olduğu məlum oldu. Eyni zamanda, konstitusiya islahatlarının aparılacağına dair də vəd verilib. Ancaq bu vədlərin yerinə yetirilib-yetirilməyəcəyi hələ məlum deyil. Subyektivliyi zəif olan ölkələr daim mövqelərini dəyişməyə, istiqamətlərini yeniləməyə çalışırlar. Nəticədə elə bir görüntü yaratmağa çalışırlar ki, onlara etibar edilsin. Halbuki verdikləri vədlər yerinə yetirilmirsə, onlara necə inanmaq olar?”
T.Abbasov qeyd edib ki, Naxçıvanla əlaqələrdə artıq alternativ variant seçilib:
“Belə ki, İran ərazisindən, Araz çayı boyunca yol açılır. Ermənistan bu məsələdə özündən küssün. Hazırda ölkədə iqtisadi vəziyyət yaxşı deyil. Paşinyan Amulsar qızıl mədəninin istismarına icazə verir, çünki Ermənistan iqtisadi çətinliklər içindədir. Hakimiyyət vəd etdiyi iqtisadi artıma nail olmağa çalışır, lakin bu, o qədər də asan məsələ deyil. Ermənistan daxilində və xaricdə Türkiyə ilə münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını istəyən qüvvələr var. Qərb də bu prosesdə maraqlıdır və Türkiyəyə təzyiq göstərir. Onlar başa düşürlər ki, Türkiyə kapitalının Ermənistana axını ölkə iqtisadiyyatı üçün bir növ süni nəfəs rolunu oynaya bilər.
Hesab edirəm ki, Paşinyan müəyyən məsələlərdə geri çəkilər, lakin Ermənistanda onunla razılaşmayan, idarəolunması çətin olan qüvvələr də var. Söhbət radikallardan, revanşistlərdən və separatçı ideologiyanı müdafiə edənlərdən gedir. Onların əsas məqsədi Bakı ilə sülhün qarşısını almaq və ərazi məsələsini yenidən gündəmə gətirməkdir. Lakin Azərbaycanın sülhə məcburetmə imkanları da qalır. Bütün imkanlarımız və bacarığımız var. Lazım gələrsə, Ermənistana bir daha dərs verə bilərik”.
Qeyd edək ki, Paşinyan daha əvvəl Azərbaycanla sülh sazişinin mətninin razılaşdırıldığını və Ermənistanın sənədi imzalamağa hazır olduğunu bildirmişdi. Lakin o, son açıqlamasında sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün 2031-ci ilə qədər vaxt müəyyənləşdirib. Bu isə sülh prosesinin niyə bu qədər uzandığı ilə bağlı suallar yaradıb.
Ləman İmran
Globalinfo.az