7550ea5e c4fb 3a85 9aa6 c91a996e0145 850

Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, iyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək.

“Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək”, – məlumatda qeyd olunub.

Təlimin keçirilmə məqsədi nədir? Vaşinqton bu təlim ilə Rusiyaya meydan oxuyur? Bu kimi təlimlər sülh prosesinə mənfi təsir edə bilər?

Globalinfo.az -a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bir çox geosiyasi aktorun, o cümlədən ABŞ-nin Cənubi Qafqazla bağlı maraqları var:

“Bu maraqlar regiondakı təsir imkanlarının artırılmasını nəzərdə tutur. ABŞ və digər oyunçular özlərinin bölgə ilə bağlı maraqlarını təmin etmək məqsədilə Cənubi Qafqazın ən zəif bəndi olan Ermənistandan istifadə edirlər. Çünki Azərbaycana təsir etmək mümkün deyil. ABŞ-ın Ermənistanla bağlı siyasəti aydındır: şirnikləndirərək öz tərəfinə çəkir, sonra isə özündən asılı vəziyyətə salır.
Bu gün rəsmi İrəvan faktiki olaraq Rusiya ilə Qərb arasında qalıb. Hər iki tərəfdən Ermənistana təzyiq göstərilir. Bu isə o deməkdir ki, Ermənistan artıq siyasi poliqon olub.

37398613
Kənan Novruzov

Regionda Azərbaycanla Ermənistan arasında birbaşa təmasların intensivləşməsi, əldə olunan nəticələr və proseslərin sülh sazişinə doğru getməsi ABŞ-ı narahat etməmiş deyil. Çünki üçüncü güclər ancaq gərginlik sayəsində bölgədəki mövcudluqlarını qoruya bilərlər.
Ağ Ev hər nə qədər sülhü dəstəklədiyini desə də əslində səmimi deyil. ABŞ mümkün qədər çalışacaq ki, Rusiyanın regiondakı təsir gücünün artmasının qarşısını alsın. Əgər bunu bacarmasa, onda “B” variantı üzərində çalışacaq və sülh sazişinin öz vasitəçiliyi ilə imzalanmasına çalışacaq”.

“ABŞ-Ermənistan təlimləri yaxşıya əlamət deyil. Bu, bir tərəfdən dünyada gedən qütbləşmənin növbəti təzahürüdür.
İkincisi, ABŞ maksimum çalışır ki, Ermənistanı “öz ayağına bağlasın”. Bu isə gələcəkdə Ermənistanın ABŞ və Rusiya arasında hərbi poliqona çevrilməsi ilə nəticələnə bilər. Eyni ilə Ukrayna kimi.

Üçüncüsü, belə təhriklər nəticəsində payıza doğru bölgədə yeni gərginlik yarana bilər”, – ekspert bildirib.

Turan Rzayev
Globalinfo.az

Paylaş: