ABŞ Azərbaycan qarşısında geri çəkilir: Blinkenin Əliyevlə telefon danışığının pərdəarxası

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh müqaviləsinin bağlanması imkanlarını müzakirə edib. İki ölkə münasibətlərinin gərgin olduğu bir zamanda bu zəng diqqət çəkir.

Telefon danışığının ictimaiyyətə təqdim edilən hissəsindən bu qənaətə gəlmək olar ki, Vaşinqton gərginliyi azaltmaq istəyir.

Maraqlıdır, Vaşinqtonun geri addım atmasına səbəb nə oldu? Blinken-Əliyev telefon danışığının pərdəarxası məqamları nələrdir? Tərəflər başqa hansı məsələləri müzakirə edib?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, istər 907-ci düzəlişin dondurulmasını qadağan edən S3000 qanun layihəsinin ilkin mərhələdə qəbul edilməsi, istər ABŞ rəsmilərinin “təhdid” ritorikası ilə ifadə olunan anti-Azərbaycan çıxışları, istərsə də ifşa olunan agentura şəbəkəsi Amerikanın sülh prosesi ilə bağlı səmimi yanaşmaya sahib olmamasını açıq şəkildə nümayiş etdirən faktlardır:

Aytən Qurbanova

“Hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə rəsmi Vaşinqtonun bu qeyri-konstruktiv mövqeyinin sülh danışıqlarına zərbə vuran əsas məqamlardan biri olduğunu da istisnasız olaraq qeyd edə bilərik. Digər tərəfdən isə ABŞ və ümumilikdə birləşmiş Qərb bütün bu əsassız anti-Azərbaycan çıxışlarının heç bir halda bizim üzərimizdə təsir mexanizminin olmadığını, əksinə, Azərbaycan tərəfindən adekvat şəkildə cavablandırıldığını bilir.

Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Entoni Blinkenin belə həssas bir məqamda Prezident İlham Əliyev və Nikol Paşinyan ilə telefon danışığı təşəbbüsü və sülh müqaviləsinin bağlanması imkanlarının yenidən müzakirə olunması kifayət qədər önəmli xarakter daşıyır. Eyni zamanda, Blinkenin telefon danışığı zamanı Prezident İlham Əliyevdən ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etməsi bir daha sübut edir ki, son zamanlarda Azərbaycana münasibətdə səsləndirilən demarş xatakterli çıxışların uğursuzluğu fonunda Amerika geri addım atmağa məcbur olub və münasibətlərin normallaşdırılmasına cəhd edir.

Nəticə etibarilə Blinkenin simasında ABŞ da çox gözəl anlayır ki, Azərbaycan ilə münasibətləri pisləşdirməklə hər hansı üstünlük qazanmaq və ya sülh danışıqlarında uğurlu vasitəçilik missiyası icra etmək imkanları yoxdur”.

Siyasi ekspert Aqşin Kərimov isə düşünür ki, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi iki ölkə münasibətlərinin gərgin olduğu bir zamanda diqqət çəkir:

Aqşin Kərimov

“Diqqətçəkən birinci məqam odur ki, telefon danışığı ilə bağlı rəsmi məlumat dərc olunduğu ərəfədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün real fürsətlər yaranı. Bu o baxımdan diqqət çəkir ki, İlham Əliyev Entoni Blinkenə Obrayenin Nümayəndələr Palatasındakı dinləmələrdə Azərbaycanla bağlı çıxışlarda qərəzli və həqiqəti əks etdirmədiyini deyib.

Əslində hər şey Brayenin “Mərkəzi Asiyadan başlayan ticarət Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə keçə bilsə, bu, həmin ticarət yolu üzərindəki bütün ölkələr üçün əhəmiyyətli təkan olardı” deməsində gizlənir. Ağ Ev Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ilə Ermənistanla münasibətlərin normallaşmasını ticari yollara nəzarət kontekstində daha münasib sayır. Deməli, Əliyevlə Blinken arasındakı telefon danışığı zamanı bu məsələ ətrafında fikir mübadiləsi apardıqlarını söyləmək mümkündür”.

Politoloqun fikrincə, ABŞ-ın burada Zəngəzur dəhlizi layihəsinə xüsusi diqqət yetirdiyini vurğulamaq olar:

“Yəni “ABŞ Zəngəzur dəhlizinə qarşıdır” fikrini mütləq mənada səsləndirmək bir qədər yanlış olardı. Vaşinqtonun dəhlizlərə nəzarət uğurundakı mübarizəsini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin içərisində monopoliya yaratmaq cəhdi ilə davam etdirməsi əlavə regional gərginliklər yaradır”.

Turan Rzayev
Globalinfo.az