ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsinə bu ölkə səbəb olub? – Yeni versiya

Son günlər ABŞ ilə Azərbaycan arasında yaşanan gərginlik geniş müzakirələrə səbəb olub. Mövzu ilə bağlı bir sıra versiyalar səslənir. Bəzi ekspertlər hesab edir ki, Vaşinqton-Bakı münasibətləri İran faktoruna görə pisləşib. Xüsusilə Tehran ilə bağlı arasında münasibətlərin normallaşmağa doğru getdiyi bir zamanda ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsi diqqət çəkir.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? ABŞ-Azərbaycan münasibətləri İran faktoruna görə pisləşib?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, bu versiya ağlabatan deyil:

Kənan Rövşənoğlu

“Ümumiyyətlə ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsinin İrana heç bir aidiyyəti yoxdur.

Məsələ ondadır ki, ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməsinin səbəbi açıqdır. Belə ki, Ermənistan ilə mövcud gərginlik, habelə erməni lobbisinin ABŞ-da nüfuzu və təsiri Vaşinqtonun belə bir addım atmasına gətirib çıxartdı.

1992-ci ildə “Azadlığa dəstək aktına 907-ci düzəliş” də Ermənistanla müharibəyə görə, konkret Ağdərənin azad edilməsinə görə tətbiq olunmuşdu. İndi də 19 sentyabr hadisələrinə görə, Ermənistanın Qərblə yaxınlaşması Vaşinqtonun Bakıya münasibətini dəyişib.

Bizim İranla əlaqələrimiz hazırda o qədər də yüksək səviyyədə deyil. Tehranda səfirliyimiz belə açılmayıb. Sadəcə müəyyən yumşalma var. Bu yumşalmaya görə Vaşinqton Bakı ilə münasibətlərini pozmaz. Burda daha çox Ermənistan amili var”.

Turan Rzayev
Globalinfo.az