Azərbaycan İlham Əliyevi seçərsə, o kimləri seçəcək? – Yeni kadr islahatının anonsu verildi

Növbədənkənar Prezident seçkilərinin keçirilməsinə az bir vaxt qalıb. Bununla belə, hazırkı Prezident İlham Əliyev seçkinin favorit namizədidir. Hazırda onun reytinqi ölkədə bütün siyasətçilərin reytinqindən qat-qat yüksəkdir.

Seçkilərə az bir müddət qala Müdafiə Nazirliyində baş verən kadr dəyişikliyi diqqət çəkdi. Bəzi ekspertlər hesab edir ki, bu, prezident seçkiləri sonrası bir çox sahədə aparılacaq kadr islahatının ilkin siqnalıdır.

Maraqlıdır, Müdafiə Nazirliyində dəyişikliklər davam edəcək? Başqa hansı qurumlarda təmizləmə və ya yeni kadr dəyişikliyi aparılacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Qarabağ zəfəri və separatizmin sonlanmasının ardınca ölkədə yeni bir dövr başlayıb:

“İdarəetmənin optimallaşdırılması, daha keyfiyyətli xidmətin təmin edilməsi üçün islahatlara ehtiyac var. Növbədənkənar prezident seçkiləri sonrası bu islahatların daha geniş və çoxsahəli şəkildə aparılacağını demək olar.

Müdafiə Nazirliyində aparılan kadr dəyişikliyi prinsip etibarilə təəccüblü deyil. Yəni müəyyən vaxtlarda zabitlərin vəzifədən uzaqlaşdırılması, ya da əksinə, vəzifə təyinatı alması baş verir.

Qabil Hüseynli

Hesab edirəm, bu gün kadr islahatlarına ehtiyac olunan sahələr, qurumlar var. Prosesin necə olacağını indidən demək çətindir. Çünki buna dair konkret planın olub-olmadığı bilinmir. Amma olacağına dair iddialar ciddidir.

İşğaldan azad edilən ərazilər də daxil, ölkə miqyasında yeni kadr təyinatları və bəzi kadrların vəzifədən uzaqlaşdırılacağı bəllidir. Konkret ad çəkmək üçün tez olduğunu düşünürəm. Amma yeni simaların olacağı bəllidir.

Təhlükəsizlik sahəsində ciddi dəyişiklik olacağını düşünmürəm, çünki hazırda buna elə də ehtiyac yoxdur. Amma daha çox vətəndaşlara xidmət sahəsini əhatə edən nazirliklər və qurumlarda dəyişiklik ola bilər”.

Turan Rzayev
Globalinfo.az