Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Türkiyədə 2028-ci il prezident seçkiləri ərəfəsində müxalifətin namizəd seçimi ilə bağlı yaranan vəziyyəti şərh edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
E.Şahinoğlu bildirib ki, gələn həftə Türkiyədə siyasi gündəmin əsas mövzularından biri ana müxalifət statusunda olan Yeni Partiyanın lideri Özgür Özəlin dekabrın 4-də prezident seçkilərində irəli sürüləcək namizədin adını açıqlamaq planı olacaq.
“İstanbulun həbsdə olan bələdiyyə başçısı Əkrəm İmamoğlunun namizədliyi ciddi sual altındadır. Belə ki, məhkəmə onun ali təhsil diplomunun ləğvini təsdiqləyib. Türkiyə qanunvericiliyinə əsasən, prezidentliyə namizədin ali təhsilli olması tələb olunur. Bu səbəbdən İmamoğlunun 2028-ci il seçkilərində iştirakı çətinləşib”, – deyə o bildirib.
Siyasi şərhçi qeyd edib ki, müxalifətin mümkün namizədləri sırasında Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşın da adı çəkilir:
“Rəy sorğularında Yavaşın Rəcəb Tayyib Ərdoğanla rəqabət aparmaq imkanlarının yüksək olduğu göstərilsə də, o, hələlik prezidentliyə namizəd olmaq niyyətini nümayiş etdirmir”.
Şahinoğlu Yavaşın ehtiyatlı mövqeyini Türkiyədə son dövrlər bir sıra bələdiyyə başçılarının həbs olunması ilə əlaqələndirib. Onun qənaətinə görə, Yavaş namizədliyini açıqlayacağı təqdirdə özü ilə bağlı da hüquqi addımların atılacağından ehtiyat edə bilər.
Müəllifin diqqət çəkdiyi digər məqam isə Yavaşla Özgür Özəl arasındakı münasibətlərdir. Bildirilib ki, Yavaş CHP-dən ayrılsa da, Yeni Partiyaya qoşulmayıb və uzun müddətdir Özəllə təmasda deyil. Buna görə də partiya liderinin onun razılığı olmadan namizədliyini irəli sürməsi mümkün görünmür.
“İmamoğlu və Yavaşın namizədliyi reallaşmasa, Özgür Özəlin kimin üzərində dayanacağı əsas suallardan biri olaraq qalır. Özəlin şəxsi reytinqi hər iki siyasətçinin göstəricilərindən aşağıdır və buna görə də öz namizədliyini irəli sürməsi ehtimalı azdır. Bütün bu müzakirələrə baxmayaraq, Özgür Özəl prezidentliyə namizədi artıq özü üçün müəyyənləşdirib”, – deyə o bildirib.