Petr PAvel

Çexiya Prezidenti Petr Pavel müdafiə naziri Yaromir Zunanın fəaliyyətini tənqid edərək onun atdığı addımların ölkənin maraqlarına zidd olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Pavel bu barədə bazar günü Çexiya televiziyasına müsahibəsində danışıb. O, nazirin fəaliyyətini dağıdıcı kimi qiymətləndirib və bunun Çexiyaya fayda vermədiyini vurğulayıb.

Dövlət başçısı tənqidlərinə nümunə olaraq Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Miroslav Hlaváçın Ukraynaya səfərinə maneə yaradılmasını, Müdafiə Nazirliyində mübahisəli kadr qərarlarını və Zunanın müdafiə xərclərinin ÜDM-in 2 faizi səviyyəsində saxlanılmasını müdafiə etməsini göstərib.

Pavel hesab edir ki, nazirin mövqeyi onun namizədliyini irəli sürən hakim koalisiyanın üzvü, Azadlıq və Birbaşa Demokratiya (SPD) hərəkatının siyasi xətti ilə uzlaşır. Prezidentin sözlərinə görə, bu siyasi qüvvə müdafiə xərclərini, müttəfiqlik öhdəliklərini və Ukraynaya dəstəyi prioritet hesab etmir.

Qeyd edək ki, Çexiyada müdafiə siyasəti və Ukraynaya yardım məsələləri hakimiyyət daxilində də fikir ayrılıqlarına səbəb olur.

Tahir Turan
Globalinfo.az

Paylaş: