Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin kitabxana tikintisinə məscidlərdən daha çox diqqət ayrılmasının vacibliyi ilə bağlı fikirləri ictimai müzakirələrə yol açıb. O, xüsusilə gənclər arasında mütaliə vərdişinin formalaşdırılmasını və elmə marağın artırılmasını vacib hesab edib.
Bəs cəmiyyətin tərəqqisi üçün bu sahələrdən hansına daha çox önəm verilməlidir? Məscid və kitabxana tikintisini qarşı-qarşıya qoymaq nə dərəcədə əsaslı yanaşmadır?
Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, əslində, məscid və kitabxananı, məktəbi və ya Həcc ziyarəti ilə kiməsə yardım etməyi bir-birinə alternativ kimi təqdim etmək qətiyyən doğru deyil:
“Burada diqqət yetirilməli məqam odur ki, mövcud ehtiyaclar düzgün qiymətləndirilməlidir. Məsələn, Türkiyədə də bu məsələ müzakirə olunur. Hətta imamlar belə etiraz edirlər ki, bir məhəllədə artıq məscid varsa, ikinci və ya üçüncü məscidin tikilməsi israflıqdır. Əgər insanların ibadət etməsi üçün kifayət qədər yer varsa, əlavə məscid tikintisi, təbii ki, israf kimi qiymətləndirilə bilər. Bunun əvəzinə vətəndaşların inkişafına xidmət edən məktəblərin, mədəniyyət müəssisələrinin və kitabxanaların yaradılmasına üstünlük verilməsi daha məqsədəuyğundur”.
F.Mustafa qeyd edib ki, məqsəd məscid tikintisinə qarşı çıxmaq deyil:
“Ehtiyac varsa, məscid də tikilməlidir ki, insanlar ibadətlərini yerinə yetirə bilsinlər. Eyni yanaşma digər dinlərin ibadət yerlərinə də aiddir. Sadəcə, bir məhəllədə bir-birinə yaxın məsafədə üç-dörd məscid tikməkdənsə, həmin vəsaiti məktəblərin, mədəniyyət müəssisələrinin və kitabxanaların yaradılmasına yönəltmək daha faydalı olar”.
Deputatın fikrincə, Azərbaycanda bu müqayisəni aparmaq bir qədər çətindir:
“Çünki ölkəmizdə kitabxanaların xeyli hissəsi bağlanıb və bu, mədəni həyatımıza təsirsiz ötüşməyəcək. Musiqi məktəblərinin bağlanması da arzuolunan vəziyyət deyil. Bütün bunlar cəmiyyətin mədəni səviyyəsinə öz təsirini göstərəcək. Ona görə də başqalarının dini etiqadına və ibadətinə toxunmadan, onlara hər hansı problem yaratmadan insanların üz tutacağı mədəniyyət müəssisələrinin sayının artırılmasına və bu sahəyə daha çox diqqət ayrılmasına çalışmalıyıq”.
Zaira Akifqızı
Globalinfo.az