emanetler

Azərbaycanda bank əmanətlərindən əldə olunan faiz gəlirlərinə tətbiq edilən vergi güzəştinin müddəti bu ilin sonunda başa çatır. Gələn ildən güzəşt uzadılmasa, vətəndaşların banklardakı milli valyutada olan əmanətlərindən əldə etdikləri aylıq faiz gəlirinin 200 manatdan artıq hissəsi 10 faiz gəlir vergisinə cəlb olunacaq. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hazırda 18 ay və daha artıq müddətə yerləşdirilən və müəyyən şərtlərə cavab verən manat əmanətlərinin faiz gəlirləri tamamilə vergidən azaddır. Onun sözlərinə görə, güzəştin tətbiqindən sonra müddətli əmanətçilərin sayı əhəmiyyətli dərəcədə artıb. Deputat güzəşt müddətinin daha üç il uzadılmasını təklif edir.

Güzəştin uzadılmaması vətəndaşın cibinə necə təsir edəcək? Əmanət sahiblərinin qazancı nə qədər azalacaq? Həmçinin güzəştin uzadılmaması bankların depozit siyasətinə və nəticədə kredit faizlərinə təsir göstərə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, depozitlərin vergidən azad edilməsi müsbət təklifdir:

“Qısamüddətli depozitlərə vergi tətbiqi vətəndaşlar üçün müəyyən çətinliklər yaradır. Onlar bu vergini ödəmək istəmir, eyni zamanda onun necə ödəniləcəyi, hansı sənədlərin və rəsmiləşdirmə prosedurlarının tələb olunduğu ilə bağlı suallarla qarşılaşırlar. Bu amillər də vətəndaşları depozit yerləşdirməkdən çəkindirə bilər”.

İqtisadçı bildirib ki, depozitlər üzrə vergi güzəştlərinin üç il deyil, birdəfəlik beş və ya yeddi il müddətinə uzadılması daha məqsədəuyğun olardı:

“Bu, insanlara maliyyə planlarını daha rahat qurmağa imkan verər. Çünki söhbət 18 aylıq əmanətlərdən gedirsə, bu müddət cəmi bir il yarım edir. Hesab edirəm ki, vergi güzəştlərinin müddətini ən azı beş və ya yeddi ilə qədər artırmaq daha doğru yanaşmadı”.

Ləman İmran
Globalinfo.az

Paylaş: