mikayil cabbarov ela

“Prezidentimizin uğurlu və fəal xarici iqtisadi diplomatiyası nəticəsində ölkə başçısının müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan həm bütün qonşu ölkələrlə, həm də ümumi sərhədimizin olmadığı çoxsaylı dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri qurub”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, həmin dövlətlərlə ticarət-iqtisadi əməkdaşlığın möhkəm əsasını neft, qaz və neft məhsulları təşkil edir:

“Bu məhsulların ixracı, bir qayda olaraq, sərbəst ticarət rejimini tələb etmir. Lakin gələcək iqtisadi inkişafımız qeyri-neft-qaz məhsullarının ixrac imkanları ilə sıx bağlıdır. Bu isə öz növbəsində sərbəst və ya güzəştli ticarət rejimlərinin mövcudluğundan birbaşa asılıdır.

Yaxın illərdə prioritet bazarlarımızı müəyyən etməli və həmin ölkələrlə ikitərəfli və ya çoxtərəfli əsasda müvafiq hüquqi rejimləri təmin etməliyik. Qarşıya qoyulmuş məqsədlərə nail olunması bir sıra çağırışların həllini tələb edir.

Bu çağırışlardan biri iqtisadi və maliyyə resurslarına çıxış imkanları, eləcə də maliyyələşmənin dəyəridir. Kapital tutumlu sənaye layihələri daha böyük həcmdə və uzunmüddətli maliyyələşmə tələb edir. Bu məqsədlə aidiyyəti qurumlar tərəfindən uzunmüddətli maliyyələşmə mexanizmlərinin yaradılması, milli valyutada uzunmüddətli yığımların təşviqi və nağdsız dövriyyənin genişləndirilməsi istiqamətində iş aparılır.

İkinci çağırış suveren resurslarımızın gəlirliliyinin artırılmasıdır. Qeyd etdiyim kimi, strateji valyuta ehtiyatlarımızın həcmi ölkənin tələbatını üstələyir və bu, ölkəmizin üstünlüyüdür. Ehtiyatların gəlirliliyinin artırılması və onların bir hissəsinin ölkə iqtisadiyyatının uzunmüddətli maliyyələşməsinə səmərəli şəkildə cəlb edilməsi də mühüm vəzifələrdəndir.

Üçüncü çağırış büdcə xərclərinin, o cümlədən əsaslı xərclərin vaxtında və səmərəli icrasıdır. Fiskal optimallaşdırma şəraitində büdcədən ayrılan hər manatın vaxtında və maksimum səmərəli istifadəsi xüsusi əhəmiyyət kəsb edir. Layihələrin icra müddətlərinə ciddi riayət edilməsi və icra intizamının gücləndirilməsi qarşıda duran əsas vəzifələrimizdəndir.

Dördüncü çağırış özəl sektorun investisiya qoyuluşları üçün daha əlverişli şəraitin yaradılmasıdır. Dövlətin investor rolundan tərəfdaş roluna keçidi şəraitində özəl kapital üçün imkanların genişləndirilməsi mühüm şərtdir.

Bu istiqamətdə mövcud investisiya təşviqi mexanizmi ilə yanaşı, ayrı-ayrı sahələr və klasterlər üzrə yeni, ünvanlı vergi təşviqləri tətbiq edilir. Buna misal olaraq, bu yaxınlarda qəbul olunmuş innovasiya, startap və texnologiya parkları üzrə 20 illik müddəti əhatə edən vergi güzəştləri paketini qeyd edə bilərik.

Bundan əlavə, strateji investisiya layihələrinin sürətləndirilmiş icrası məqsədilə baş nazirin müavininin rəhbərliyi ilə işçi qrupu yaradılıb, özəl sənaye zonalarının və dövlət-özəl tərəfdaşlığı modellərinin genişləndirilməsi istiqamətində işlərə başlanılıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: