2021-ci ilin yayında bizə verilən məlumat əsasında, qoşunlarımızı həmin ilin sentyabrın 11-də Əfqanıstandan çıxarandan altı ay sonra Taliban hərəkatının Kabilə girəcəyini gözləyirdik.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Co Bayden “Mənə söz ver, Amerika” adlı xatirələrində yazıb.
“Çıxarılma tarixi yaxınlaşdıqca, təxliyəyə kömək etmək üçün hərbi qüvvələrin və aktivlərin əvvəlcədən bölgəyə yerləşdirilməsini əmr etdim. Hərbi və kəşfiyyat icmaları mənə Əfqanıstan hökumətinin təkbaşına dayana biləcəyinə və paytaxtın biz getdikdən sonra azı altı ay müdafiə olunacağına əminlik verdilər. Amma qısa müdddən sonra keçmiş Əfqanıstan prezidenti Əşrəf Qəni ölkədən qaçdı və hökumət müdafiəçiləri bir neçə saat ərzində silahlarını yerə qoydular. Mənə vəd edilən altı aylıq müddət bir neçə gün ərzində yox oldu”, – Bayden qeyd edib.
Bayden bildirib ki, bu hal Amerika kontingentinin Əfqanıstandan nizamlı şəkildə çıxarılmasına ciddi təsir göstərib.
Qeyd edək ki, 14 aprel 2021-ci ildə ABŞ-nin prezidenti Co Bayden Əfqanıstandakı əməliyyatı dayandırmaq qərarını elan etdi. ABŞ əməliyyata 2001-ci ilin oktyabrında başlamışdı. 2010-2013-cü illərdə Əfqanıstandakı Qərb qüvvələrinin sayı 150.000-i keçmişdi. ABŞ qoşunlarının çıxarılması 2021-ci ilin may ayında başladı.
ABŞ qoşunlarını geri çəkmək niyyətini elan etdikdən sonra Taliban Əfqanıstan üzərində nəzarəti ələ keçirmək üçün genişmiqyaslı əməliyyata başladı. 15 avqust 2021-ci ildə Əfqanıstan prezidenti Əşrəf Qəni ölkədən qaçdı və Taliban döyüşsüz Kabilə girdi. ABŞ qoşunları 2021-ci ilin sentyabr ayının əvvəlində Əfqanıstandan tamamilə çıxdı.