sahil r 900x600 1

“Növbəti ildə və ortamüddətli dövrdə dayanıqlı iqtisadi artımın dəstəklənməsi və makroiqtisadi sabitliyin qorunması əsas prinsiplərdən və hədəflərdən biri olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, digər əsas istiqamətlər əhalinin rifahının yüksəldilməsi, sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafıdır:

“Bununla yanaşı, rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsi, fiskal intizamın qorunması, büdcə qaydasına əməl edilməsi və real sektorun inkişafının sürətləndirilməsi də büdcə siyasətinin əsas prinsipləri kimi müəyyənləşdirilib”.

Sahil Babayev 2027-ci il üzrə əsas makroiqtisadi göstəricilərə dair proqnozları da açıqlayıb:

“Gələn il ümumi daxili məhsulun (ÜDM) 141 milyard manat olacağı gözlənilir. Bu, 2026-cı illə müqayisədə real ifadədə 2,7% artım deməkdir.

Qeyri-neft sektoru üzrə ÜDM-in 109,1 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə real ifadədə 4,4% artım deməkdir.

2023–2027-ci illəri əhatə edən beşillik dövrdə qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 30,1 milyard manat artacaq. Bu, 38,1% nominal artım deməkdir və iqtisadiyyatın, eləcə də gəlirlərin şaxələndirilməsini göstərən mühüm göstəricidir.

Proqnozlara əsasən, gələn il xam neftin bir barelinin orta illik qiyməti 65 dollar, orta illik inflyasiya 5,3%, manatın məzənnəsi isə 1 ABŞ dollarına 1,7 manat səviyyəsində nəzərdə tutulub”.

Nazirin sözlərinə görə, cari ilin sonuna dövlət borcunun ÜDM-ə nisbətinin 19,5%, ortamüddətli dövrün sonuna, yəni 2030-cu ildə isə 20,4% olacağı proqnozlaşdırılır:

“Bu göstəricilər dövlət borcunun ÜDM-ə nisbətinin ortamüddətli dövrdə sabit saxlanılacağını göstərir. Azərbaycanın bu sahədə dünyanın ən yaxşı göstəricilərinə malik ölkələrdən biri olaraq qalacağı gözlənilir.

Dövlət borcunun strukturunda 16,2 milyard manat daxili, 7,7 milyard manat isə xarici borcun payına düşür. Beləliklə, dövlət borcunun təxminən 68%-i daxili borcdan ibarətdir.

Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azdır, istiqrazların orta ödəmə müddəti isə artıq 3,6 ilə çatıb. Portfeldə yeddi və 10 illik istiqrazların payı 44% təşkil edir.

O vurğulayıb ki, əsas hədəflərdən biri orta ödəmə müddətini mərhələli şəkildə uzatmaq, bununla da dövlət borcunun həm bazar riskləri, həm də ümumi likvidlik göstəriciləri baxımından optimallaşdırılmasını təmin etməkdir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: