tramp 4 900x565 1

“Gələcək təhlükəsizlik arxitekturası Rusiya ilə Avropada təsir dairələrinin bölüşdürülməsi barədə danışıqlara əsaslanmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

“Avropanın təhlükəsizlik arxitekturasının formulu Rusiya ilə Avropada təsir dairələrinin bölüşdürülməsi barədə danışıqlar deyil, Rusiyadan etibarlı müdafiə formuludur. Bütün bunlar keçmişdə qalıb. Artıq təsir dairələri olmayacaq. İkinci Yalta da olmayacaq… Avropa gücünün və birliyinin vaxtı çatıb”, – Sibiqa bildirib.

Nazir əlavə edib ki, Rusiya Avropanın təhlükəsizliyinin təminatçısı ola bilməz.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevlə görüşündən sonra Ukrayna ilə bağlı bütün Avropaya təsir edə biləcək razılaşmanın əldə olunacağını açıqlamışdı.

ABŞ lideri görüşün təfərrüatlarını açıqlamasa da, hamının bundan məmnun qalacağını vəd etmişdi. Bununla belə, “Politico” nəşri yazıb ki, Avropada Trampın bütün qitəyə təsir edəcək Ukrayna razılaşması ilə bağlı açıqlamalarına şübhə ilə yanaşıblar.

Məqalədə qeyd olunur ki, Tramp administrasiyasının Rusiya ilə yeni ümumavropa təhlükəsizlik sazişi barədə qeyri-şəffaf təklifi Avropa paytaxtlarında şübhə doğurub. Avropa ölkələri belə bir razılaşmanın qitəni qərarların qəbulunda ikinci plana keçirə biləcəyindən narahatdırlar.

Bildirək ki, “İkinci Yalta” ifadəsi 1945-ci ildə ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Yalta konfransına istinaddır. Həmin görüşdə müharibədən sonrakı Avropanın siyasi gələcəyi və nüfuz dairələri müzakirə edilmişdi. Müasir siyasi diskursda isə bu termin ABŞ və Rusiyanın Avropanın və Ukraynanın gələcəyini digər Avropa dövlətlərinin iştirakı olmadan müəyyənləşdirməsi ehtimalını ifadə edir.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: