ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatları müharibə hesab etmədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Air Force One” təyyarəsindən endikdən sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri İranla bağlı vəziyyətin Rusiya-Ukrayna müharibəsindən fərqləndiyini deyib.
“Bu, müharibə deyil. Beş ay ərzində heç kimin yaralanmadığı, öldürülmədiyi bir vəziyyət müharibə ola bilməz. Rusiya və Ukraynada isə hər ay 25 min insan itirilir. Biz yeddi ay ərzində heç kimimizi itirməmişik. Buna görə də düşünmürəm ki, bu, müharibədir”.
Prezident qeyd edib ki, ABŞ İranla bağlı məsələdə irəliləyiş əldə edib və Tehranla danışıqlar davam edir.
O, Vaşinqtonun əsas məqsədlərindən birinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu vurğulayıb.
Tramp İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini iddia edib.
Onun sözlərinə görə, ölkənin donanması və hava qüvvələri böyük ölçüdə sıradan çıxarılıb.
Əliyar Xəlil
Globalinfo.az