ABŞ Prezidenti Donald Tramp bu gün bir neçə Avropa lideri ilə qitədə davamlı sülhün təmin olunmasına zəmin yaradacaq daha geniş təhlükəsizlik sisteminin formalaşdırılması zərurətini müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun kürəkəni, Ukraynadakı müharibənin başa çatdırılması üzrə ABŞ danışıqlar qrupunun əsas üzvlərindən biri Cared Kuşner məlumat verib.
Onun sözlərinə görə, müzakirələr bu həftə Brüsseldə Ukrayna, NATO və ABŞ-ın avropalı tərəfdaşları ilə aparılan danışıqların davamı olub. Kuşner və ABŞ-ın sülh nizamlanması üzrə nümayəndə heyətinin üzvləri davam edən məsləhətləşmələrdə rəhbər tutduqları məqsədləri açıqlayıblar.
Kuşner qeyd edib ki, Avropa və Rusiya 30 ildən artıqdır ki, dayanıqlı təhlükəsizlik sistemi yaratmağa çalışırlar. Lakin onilliklər ərzində formalaşan qarşılıqlı etimadsızlıq, təhlükəsizliklə bağlı fərqli yanaşmalar və müharibənin dağıdıcı nəticələri bu vəzifəni son dərəcə çətinləşdirib. Bununla belə davamlı sülhə nail olmaq üçün mövcud problemin həlli zəruridir.
ABŞ bütün tərəflərin təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə alan, yeni münaqişə riskini azaldan, regionda vəziyyəti daha sabit və proqnozlaşdırıla bilən edən praktiki razılaşmalar hazırlamağı hədəfləyir.
Vaşinqton bu istiqamətdə beş əsas prioritet müəyyənləşdirib:
1. Təhlükəsizlik məsələləri üzrə daimi məsləhətləşmələrin aparılması;
2. Böhran vəziyyətlərində etibarlı kommunikasiya kanallarının yaradılması;
3. Hərbi sahədə şəffaflığın artırılması;
4. Gərginliyin eskalasiyası riskini azaltmaq üçün qarşılıqlı tədbirlərin görülməsi;
5. Avropada uzunmüddətli təhlükəsizlik və sabitlik sisteminin formalaşdırılması.
Əliyar Xəlil