
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə növbəti prezident seçkilərinin onlayn formatda keçirilməsi ehtimalını istisna etməyib.
Globalinfo.az xəbər verir ki, “Strana.ua” nəşrinin məlumatına görə, Zelenski bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində danışıb. Bununla belə, belə bir qərarın reallaşması üçün parlamentin müvafiq hüquqi mexanizmlər hazırlamalı olduğunu bildirib.
“Onlayn seçkilərin keçirilməsi variantını nəzərdən keçirə bilərik. Bu, mümkündür, lakin parlament bunun üçün müvafiq həll yolu tapmalıdır”, – deyə Ukrayna lideri bildirib.
Zelenskinin sözlərinə görə, seçkilərin keçirilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi və zəruri prosedurların müəyyənləşdirilməsi tələb olunur.
Qeyd edək ki, Ukrayna Prezidenti daha əvvəl prezident seçkilərinin müharibə başa çatdıqdan sonra ən azı altı ay ərzində hazırlıq işləri aparılmaqla keçirilməsinin mümkünlüyünü bildirmişdi.
O, həmçinin təhlükəsizlik şəraiti təmin olunarsa, parlamentlə birlikdə seçkilərin daha tez keçirilməsi üçün hüquqi mexanizmlər üzərində işləməyə hazır olduğunu vurğulamışdı.
Tahir Turan
Globalinfo.az