baki azerbaycan bayraq 1 900x505 1

Ölkələrin səhiyyə indeksi açıqlanıb. 101 ölkənin yer aldığı reytinqdə Azərbaycan 92-ci pillədə qərarlaşıb. Bu göstərici ölkədə səhiyyə xidmətlərinin keyfiyyəti, tibbi xidmətlərə əlçatanlıq və vətəndaşların səhiyyə sistemindən məmnunluğu ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Azərbaycanda səhiyyənin real vəziyyəti necədir?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, sözügedən nəticə bizi xeyli düşünməyə məcbur edir:

“Xaricdə yetişmiş və gəlib burada fəaliyyət göstərən xeyli tibb kadrı var. Bunların hamısı beynəlxalq təcrübəni, tibbin beynəlxalq səviyyəsini bilən, öz ixtisasına bələd olan mütəxəssislərdir. Digər tərəfdən, ölkəmizdə xeyli müasir tibbi avadanlıq var. Hətta robotik cərrahiyyəyə qədər ən müasir avadanlıqlar alınıb gətirilib. Belə bir ölkədə Azərbaycan niyə bu qədər aşağı yerdə olmalıdır? Bu, o deməkdir ki, tibbin təşkili qaydasında deyil. Bizdə ən böyük problem tibbin təşkili ilə bağlıdır. İcbari tibbi sığorta başlayanda bu qədər vəsait ayrılmasına baxmayaraq, bu işi düzgün təşkil edə bilmədilər. Randevu sistemi düzgün qurulmadı, xəstələrlə münasibət düzgün təşkil edilmədi”.

Adil Qeybulla 900x564 1

Adil Qeybulla

A.Qeybulla hesab edir ki, vətəndaşın məmnun qalması, səhiyyə xidmətlərinin düzgün təşkili, profilaktik və skrininq müayinələrinin vaxtında keçirilməsi səhiyyə işinin təşkilindən asılıdır:

“Bütün bunların hamısında həm həkimlər, həm də vətəndaşlar məmnun qalmalıdır. Bu, çox ciddi məsələdir. İndi Səhiyyə Nazirliyinin TƏBİB-lə birləşdirilməsi bu işin xeyrinədir və yaranmış vəziyyəti yenidən qiymətləndirməyə, mövcud nöqsanları aradan qaldırmağa və nəticə əldə etməyə imkan verir. Düşünürəm ki, buna nail olmaq mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: