Tanınmış kardioloq Üzeyir Rəhimov özəl xəstəxanalarda icbari sığortanın olmamasından narazılıq edib.
Sitat: “Bəli, özəl xəstəxanalara sığorta haqqı verilmir. Nəticədə, sizin vətəndaşlıq haqlarınızı pozurlar, həkim seçmə haqqınızı əlinizdən alırlar, məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz. Dövlət xəstəxanasında isə yaxşı həkimlər olur. Sadəcə orada ən böyük problem alqı-satqı, ləvəzimat əskikliyidir, bu da çox ciddi defektdir. Ağır işlədiyi üçün xəstəxanalar malla təmin edilə bilmir, bir çox aparatlar işlək deyil. Buna baxmayaraq, xəstələri özələ yox, başqa xəstəxanalara yönləndirirlər. Özəl xəstəxanada bir avadanlıq sıradan çıxanda yerində həll oluna bilir, amma dövlətdə belə deyil. Proses uzanır”.
Özəl xəstəxanalar icbari tibbi sığorta sisteminə qoşula bilərmi? Vətəndaşlara həkim və xəstəxana seçmək imkanı nə vaxt genişləndiriləcək?
Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, özəl tibb müəssisəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) ilə müqavilə bağladıqda icbari tibbi sığorta sistemi çərçivəsində xidmət göstərə bilər:
“Hazırkı modeldə vətəndaşın özəl xəstəxanaya çıxışı əsasən belə həyata keçirilir: tələb olunan xidmət dövlət tibb müəssisəsində göstərilə bilmədikdə, pasiyent müqaviləli özəl tibb müəssisəsinə göndərilir. Pasiyent həmin müəssisələr arasından seçim edə bilər. Burada iki fərqli məqamı ayırmaq vacibdir. Birincisi, özəl xəstəxanalar icbari tibbi sığorta sisteminə qoşula bilər. Çünki qeyd etdiyim kimi İTSDA özəl tibb müəssisələri ilə müqavilə bağlayır və Xidmətlər Zərfinə daxil olan xidmətlər üzrə müəyyən edilmiş tarif əsasında həmin müəssisələrə ödəniş edir. Başqa sözlə, bəzi hallarda pasiyentin aldığı tibbi xidmətin ödənişi icbari tibbi sığorta hesabına özəl tibb müəssisəsinə yönəldilir. İkincisi, vətəndaş sığortalı olduğu halda istədiyi özəl xəstəxananı seçib birbaşa müraciət etməyi ilə bağlıdır. Hələlik bu model yoxdur. Mövcud modeldə planlı xidmətlər üzrə özəl sektora müraciət, əsasən, dövlət tibb müəssisəsinin həmin xidməti göstərə bilməməsi və pasiyentə göndəriş verilməsi ilə mümkündür. Göndəriş olmadan birbaşa müqaviləli özəl tibb müəssisəsinə müraciət edildikdə isə istisna hallar nəzərə alınmaqla, xərci vətəndaş özü ödəyir”.
Nərmin Abbaslı
Mütəxəssis bildirib ki, “hamıya istədiyi özəl xəstəxanaya müraciət etmək hüququ verilsin” yanaşması maliyyə baxımından risklidir:
“Bunun üçün ən azı vahid tariflərin, müqavilə və akkreditasiya standartlarının, klinik protokolların, elektron göndəriş sisteminin, xidmət həcminə nəzarətin, keyfiyyət indikatorlarının və süni qiymət artımı/yüksək kodlaşdırma (fraud/upcoding) hallarına qarşı nəzarət mexanizmlərinin yaradılması lazımdır. Əks halda, özəl tibb müəssisələrinin xidmət həcmini süni şəkildə artırması və sığorta fondunun xərclərinin kəskin yüksəlməsi riski yarana bilər. Ona görə də Azərbaycanda bu modelin mərhələli şəkildə tətbiqini daha məqsədəuyğun hesab edirəm. İlk mərhələdə MRT və KT, laboratoriya xidmətləri, katarakta əməliyyatları, bəzi planlı cərrahi müdaxilələr kimi xidmətlər üzrə dövlət və müqaviləli özəl tibb müəssisələri arasında real seçim imkanı yaradır. Daha sonra nəticələr, xərclər və xidmətlərin keyfiyyəti qiymətləndirilərək modelin digər xidmət sahələrinə də genişləndirilməsi mümkündür”.
Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığorta çərçivəsində vətəndaşlar Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən istifadə edərkən, bir sıra hallarda əlavə ödəniş etmir. Məsələn, MRT və KT müayinələrində vətəndaş tarifin 20 faizini ödəyir. Digər xidmətlər üzrə isə ödəniş məbləği xidmətin növündən və tətbiq olunan tarifdən asılıdır.
Ləman İmran
Globalinfo.az