“İranın daxilindəki vəziyyətə nəzər saldıqda ölkənin sosial, iqtisadi, siyasi və təhsil sistemlərində mövcud olan ədalətsizliklər və problemlər qabarıq şəkildə görünür. Hər şeydən əvvəl qeyd edilməlidir ki, bu gün İranın üzləşdiyi problemlər yalnız hərbi itkilərlə məhdudlaşmır. İran cəmiyyətinin iqtisadi vəziyyətinə, sosial münasibətlərinə, siyasi həyatına və insanların gələcəyə dair gözləntilərinə ciddi təsir göstərən amillər mövcuddur. Bunların başında iqtisadi böhran və əhalinin yoxsullaşması gəlir”.
Bu sözləri Globalinfo.az-a Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə dair qaydaya qarşı çıxmasını şərh edərkən deyib.
Politoloq bildirib ki, işsizliyin və sosial bərabərsizliyin artması, humanitar problemlər və psixoloji travmalar, siyasi azadlıqların məhdudlaşdırılması, cəmiyyət daxilində parçalanmanın dərinləşməsi təhsilə və gələcək nəsillərə mənfi təsir edir:
“Şübhəsiz ki, bütün bunlar uzunmüddətli perspektivdə milli iqtisadiyyatın və infrastrukturun zəifləməsinə gətirib çıxaracaq. Enerji obyektlərinə, sənaye müəssisələrinə, elektrik şəbəkələrinə və nəqliyyat infrastrukturuna külli miqdarda zərər vurulub.
İranda məktəb və universitetlərin normal fəaliyyət ritmi pozulub. Təhsil imkanlarının məhdudlaşması və iqtisadi qeyri-sabitlik gənclərin gələcək perspektivləri haqqında aydın təsəvvür formalaşdırmır. Əksinə, qeyri-müəyyənlik yaradır. Həmçinin İran cəmiyyətində vahid mövqenin olmadığı aşkardır. Bu, milli həmrəyliklə bağlı müəyyən sualların ortaya çıxmasına səbəb olur. Belə bir şəraitdə hakimiyyətə münasibətdə fikir ayrılıqlarının dərinləşməsi an məsələsidir.
Milli təhlükəsizlik amili əsas gətirilərək nəzarət mexanizmləri gücləndirilir, informasiya mübadiləsi isə getdikcə məhdudlaşdırılır. Uşaqların təhsilinin pozulması, ailələrin parçalanması və dəyərlərin pərakəndə hala düşməsi cəmiyyətdə dərin çatların yaranmasına gətirib çıxarır.
Məhz belə bir reallıqda İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın təxribatçı açıqlamaları sadəcə Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməməlidir. Bu, bilavasitə regionda gərginliyin artmasına yönələn və məhz bu amili hədəf seçən açıqlamalardır.
Azərbaycan heç bir halda başqa dövlətlərin daxili işlərinə qarışmır və digər dövlətlərin təhsil sisteminə, qanunlarına kobud şəkildə müdaxilə etmir. Bu baxımdan İran Azərbaycanla bağlı hər hansı fikir və ya bəyanat səsləndirərkən ilk növbədə ölçünü düzgün müəyyənləşdirməlidir”.

Şəbnəm Həsənova
Politoloq qeyd edib ki, Azərbaycanda ümumi qaydada hicab qadağasından söhbət getmir:
“Məsələlərin mahiyyətini və istiqamətini təhrif etmək heç də müsbət məqsədlərə xidmət etmir. Söhbət təhsil müəssisələrində vahid məktəbli geyimindən gedir. Görünür, İran anlamaq və həzm etmək istəmir.
İranda azərbaycanlılar üçün ana dilində tədris aparan bir məktəb və ya universitet belə yoxdur. Bəs İran bu məsələ barədə nə vaxt düşünəcək?
İranda qızların və qadınların başı açıq şəkildə dərsə və ya işə buraxılması qanunla qadağan edilir. O zaman belə çıxır ki, Azərbaycan İranda məcburi hicab taxmaq istəməyən, başı açıq gəzməyə üstünlük verən iranlı xanımları təhsil almaq üçün öz ölkəsinə dəvət etməlidir?
Digər tərəfdən, daha önəmli bir sual yaranır. Əgər siz azərbaycanlı qızları İrana dəvət edirsinizsə, onlara hansı dildə dərs keçəcəksiniz? Axı azərbaycanlıların öz ana dillərində təhsil almaq hüququ təmin edilmir.
Bu gün İran öz-özünü inkar edir, özünün qəbul etdiyi Konstitusiyaya açıq şəkildə hörmətsizlik nümayiş etdirir.
İran Prezidenti Məsud Pezeşkian daxili auditoriya qarşısında və beynəlxalq görüşlərdə Azərbaycan dilində danışır. Lakin həmin dövlətin rəsmi siyasəti azərbaycanlılara öz ana dillərində təhsil almaq imkanı tanımır. Bu, son dərəcə ciddi, hətta İranın özü üçün acınacaqlı bir məsələdir. Bu baxımdan, belə bəyanatlar iki ölkə arasındakı münasibətlərə xələl gətirir və regional sabitliyə ciddi zərbə vurur”.
Turan Rzayev
Globalinfo.az