Son günlər müxtəlif ölkələrdən Azərbaycana qarşı səsləndirilən iradlar və ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri diqqət çəkir. Öz ölkələrində qanunların aliliyi, insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı ciddi suallar doğuran qüvvələr Azərbaycana, onun qanunlarına və təhsil sisteminə irad tutmağa çalışırlar. Sanki insan hüquqlarının müdafiəsini öz üzərlərinə götürüblər və bu məqsədlə səfərbər olublar. Halbuki el məsəlində deyildiyi kimi, keçəl çarə bilsə, öz başına çəkər.
Türkiyədə aparılan kampaniyadan sonra indi də İran tərəfdən Azərbaycana münasibətdə bənzər müdaxilə cəhdlərinin şahidi oluruq (İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın timsalında). Maraqlıdır, öz ölkəsindəki problemləri həll edə bilməyənlər hansı haqla Azərbaycana dərs keçməyə çalışırlar? Azərbaycan müstəqil dövlətdir, öz qanunları, öz təhsil sistemi və öz qərarlarını vermək hüququ var. Heç bir xarici dövlətin ölkəmizin daxili işlərinə qarışmaq, təhsil sistemimizə və qanunlarımıza müdaxilə etmək haqqı yoxdur.
İranın bu məsələdə mövqeyi isə xüsusilə ziddiyyətlidir.
O İran ki, təxminən 40 milyon azərbaycanlının yaşadığı ölkədə bir dənə də olsun Azərbaycan dilində məktəb və universitet yoxdur.
O İran ki, ana dilində təhsil almaq istəyən soydaşlarımızın bu hüququnu tanımır.
O İran ki, səsini çıxaranların səsi kəsilir, insanları edam edir, şallaq cəzalarına məruz qoyur. İndi də bu ölkədən Azərbaycana, onun qanunlarına irad bildirməyə çalışırlar. Bəs öz ölkəsində milyonlarla insanın hüquqlarını təmin etməyənlər hansı haqla Azərbaycana dərs keçmək istəyirlər?
İranın özündə insan hüquq və azadlıqları, etiraz edən şəxslərin taleyi ilə bağlı uzun illərdir müzakirələr aparılır. İnsanların ifadə azadlığının məhdudlaşdırılması, edam cəzaları və şallaq cəzalarının tətbiqi kimi məsələlər beynəlxalq səviyyədə də tənqid olunur. Belə bir şəraitdə öz vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı suallarla üzləşənlərin Azərbaycana irad bildirməsi gülməlidir.
Azərbaycanın təhsil siyasəti və qanunları ilə bağlı qərarları ölkəmizin səlahiyyətlərinə aiddir. Kənardan təzyiq göstərmək, irad bildirmək və ya ictimai rəy üzərindən şou yaratmağa çalışmaq bu reallığı dəyişmir.
Əslində, başqalarına dərs keçmək istəyənlər əvvəlcə öz problemlərinə nəzər salmalıdırlar. Öz vətəndaşlarının hüquqlarını təmin etməyənlər başqalarının işlərinə qarışmaq əvəzinə, daxili problemlərinin həllinə diqqət yetirməlidirlər.
Zaira Akifqızı
Globalinfo.az