1793002336 56a43028c5f4bc17ad26dee5158a3f58

“Niderlandın xarici işlər naziri Tom Berendsenin Azərbaycana səfəri və Prezident İlham Əliyev tərəfindən qəbulu ikitərəfli münasibətlərdə siyasi dialoqun davamlılığını göstərir”.

Bu sözləri Globalinfo.az-a deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, dövlət başçısının ötən il Kopenhagendə Niderlandın sabiq baş naziri Dik Sxof ilə görüşünü xatırlatması bu əlaqələrin təsadüfi deyil, ardıcıl xarakter daşıdığını göstərir:

“Səfərin siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrini əhatə etməsi də tərəflərin əməkdaşlığa geniş baxışından xəbər verir.

Görüşün ən diqqətçəkən məqamlarından biri Niderland tərəfinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu yüksək qiymətləndirməsi, bunun Avropa üçün də əhəmiyyətli olduğunu vurğulamasıdır. Bu, Azərbaycanın regional təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Yaxın Şərqdəki hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Tehrandakı səfirin və səfirlik əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə görə minnətdarlıq isə ölkəmizin böhran anlarında praktiki dəstək verə bilən məsul tərəfdaş olduğunu təsdiqləyir.

naqif 1 900x634 1
Naqif Həmzəyev

İqtisadi müstəvidə nəqliyyat, logistika, Bakı Limanı və kənd təsərrüfatı əməkdaşlığın əsas istiqamətləri kimi önə çıxıb. Niderland şirkətlərinin Azərbaycanda artıq uğurla fəaliyyət göstərməsi bu potensialın real əsaslara söykəndiyini göstərir. Xüsusilə kənd təsərrüfatı sahəsi perspektivlidir: Azərbaycan bu sektorun inkişafına xüsusi önəm verir və genişmiqyaslı dövlət proqramları həyata keçirir, Niderland isə aqrar texnologiyalar və səmərəli təsərrüfatçılıq təcrübəsi ilə dünyada tanınır. Qarşılıqlı səfərlərin, işgüzar nümayəndə heyətlərinin mübadiləsinin müzakirə olunması isə danışıqların konkret layihələrə çevrilməsi üçün zəmin yaradır.

Ümumilikdə, bu görüş Azərbaycan–Niderland münasibətlərinin siyasi etimad, iqtisadi maraq və qarşılıqlı faydaya əsaslanan yeni mərhələyə keçdiyini göstərir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: