İran və Rusiyada vəziyyət kritik həddə çatıb. Hər iki ölkə Qərbin təzyiqi ilə çökdürülür. Moskva ilə Tehran süquta doğru gedir və orda hakimiyyət/rejim dəyişikliyi qaçılmaz görünür. Hər iki ölkədə milyonlarla azərbaycanlı soydaşımız yaşayır.
Bəs Azərbaycan bu mərhələyə necə hazırlaşır? Soydaşlarımızın hüquqlarının qorunması, baş verəcək müharibə, qarşıdurma zamanı təhlükəsizliklərinin təmin edilməsi üçün hansı tədbirlər planlaşdırılır?
Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, İran və Rusiyada gedən proseslərə Azərbaycan yalnız kənardan baxan ölkə kimi yanaşa bilməz:
“Çünki söhbət təkcə iki qonşu dövlətin gələcəyindən deyil, Azərbaycanın milli təhlükəsizliyinə, sərhədlərinə, iqtisadi və nəqliyyat əlaqələrinə, eyni zamanda həmin ölkələrdə yaşayan milyonlarla azərbaycanlının taleyinə təsir edə biləcək proseslərdən gedir. Buna görə Bakı üçün əsas məsələ hansısa ölkədə hakimiyyət dəyişikliyini gözləmək deyil, mümkün dəyişikliklərin yaratdığı bütün ssenarilərə əvvəlcədən hazır olmaqdır.
Azərbaycan üçün ən həssas məsələlərdən biri də soydaşlarımızın təhlükəsizliyidir. Xüsusilə müharibə, daxili qarşıdurma və ya ciddi siyasi böhran yaranacağı halda onların hüquqlarının qorunması, əlaqələndirmə və zərurət yaranarsa, təxliyə imkanlarının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. İran ətrafında yaşanan son gərginlik zamanı rəsmi Bakının vətəndaşların təhlükəsizliyinə dair operativ mexanizmlərdən istifadə etməsi göstərdi ki, Azərbaycan belə riskləri artıq yalnız nəzəri məsələ kimi qiymətləndirmir.

Elman Telmanoğlu
Hesab edirəm ki, qarşıdakı dövr Azərbaycan üçün həm ciddi sınaqlar, həm də yeni imkanlar mərhələsi olacaq. Əgər regionda geosiyasi xəritə dəyişirsə, Azərbaycanın nəqliyyat, enerji və siyasi çəkisinin artması üçün imkanlar genişlənə bilər. Lakin bu imkanlardan istifadə etmək üçün əsas şərt emosional deyil, soyuqqanlı və strateji siyasətdir: Azərbaycan heç bir qonşunun zəifləməsinə ümid bağlamadan, öz təhlükəsizliyini, sərhədlərini və soydaşlarının maraqlarını qoruyan elə bir mövqe formalaşdırmalıdır ki, regionda hansı prosesin baş verməsindən asılı olmayaraq, hadisələrin arxasınca gedən deyil, hadisələrə hazır olan dövlət kimi çıxış etsin”.
Safura Bənnayeva
Globalinfo.az