IMG 2817

Şotlandiya Milli Partiyası (SNP) ölkənin Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib.

Globalinfo.az xəbər verir ki, bunu SNP lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən partiya qurultayının yekun iclasında çıxışı zamanı açıqlayıb.

Suinninin sözlərinə görə, şotlandları müstəqilliyi dəstəkləməyə inandırmaq məqsədi daşıyan “tarixdə ən genişmiqyaslı və ən ətraflı düşünülmüş kampaniya” artıq başlayıb.

Partiya lideri hazırkı şəraitin Şotlandiyanın müstəqilliyi ideyasını irəli aparmaq üçün əlverişli olduğunu bildirib. O, sentyabrda Şimali İrlandiyanın və Uelsin liderləri Mişel Onil və Run ap İorvertlə imzaladığı anlaşma memorandumunu da xatırladıb.

Sənəddə Böyük Britaniya hökumətinə regionların Birləşmiş Krallıqdan ayrılması ilə bağlı referendum keçirməsinə imkan verəcək konstitusiya dəyişikliklərinin hazırlanması təklif olunur.

Memorandumun müəllifləri Şotlandiya, Uels və Şimali İrlandiyanın gələcəyini Avropa İttifaqında gördüklərini bildirərək iqtisadi əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutublar.

Bununla yanaşı, Böyük Britaniya hökumətinin baş nazirinin nümayəndəsi daha əvvəl bu cür referendumların keçirilməsinə dəstək vermədiklərini açıqlayıb.

Paylaş: