Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqillik tərəfdarı siyasi partiyalarının rəhbərləri Böyük Britaniyanın tərkibindən çıxmaq və xalqların öz müqəddəratını müəyyən etmək hüququ ilə bağlı ortaq memorandum imzalayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Memoranduma Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni, Uelsin Plaid Cymru partiyasının rəhbəri Rhun ap Iorvers və Şimali İrlandiyanın Sinn Fein lideri Mişel O’Nil imza atıblar.
Sənəddə üç tərəf xalqların öz gələcəyi və siyasi statusu barədə qərar vermək hüququnu müdafiə edib. Onlar Böyük Britaniya hökumətini mümkün konstitusiya dəyişikliklərinə indidən hazırlaşmağa, müvafiq planlar hazırlamağa və belə bir proses üçün şərait yaratmağa çağırıblar.
Memorandumda Vestminster hökumətinin demokratik iradənin qarşısını almamalı olduğu vurğulanıb. Tərəflər bildiriblər ki, hər bir ölkə öz gələcək statusunu müstəqil şəkildə, öz müəyyən etdiyi vaxt və üsulla həll etməlidir.
Beləliklə, Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqillik tərəfdarı qüvvələri Böyük Britaniyanın gələcək konstitusiya quruluşu ilə bağlı mövqelərini koordinasiya etmək istiqamətində ortaq mövqe ortaya qoyublar.
Safura Bənnayeva
Globalinfo.az